Masallıda gənclər üçün Beynəlxalq təlim kursu keçirilir

Masallıda gənclər üçün Beynəlxalq təlim kursu keçirilir

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) Avropa Komissiyasının "Gənclər Fəaliyyətdə" Proqramı çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ilin avqust ayında təşkil etdiyi "Birlikdə daha yaxşı yaşayış üçün" adlı beynəlxalq təlimin iştirakçıları Masallı rayonuna gəliblər. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Masallı Gənclər Mərkəzində Gürcüstan, Ukrayna, Moldova, Belarus, İtaliya, Yunanıstan, Polşa, Estoniya, Rumıniya, Bolqarıstan və Türkiyədən olan 28 gənc və Azərbaycanı təmsil edən yerli fəalların iştirakı etdiyi beynəlxalq təlimin rəsmi açılışı olub.

Tədbiri giriş sözü ilə açan ADTGT sədri Asif Əsgərli qonaqları salamlayaraq keçiriləcək təlim kursunun məqsəd və vəzifələri haqqında danışıb.

Ukraynadan olan təlimçi Anatoli Polovinets proqrama təlim və məlumat sessiyaları ilə yanaşı, Masallıda müxtəlif tarixi yerlərlə tanışlıq, mədəni tədbirlərin təşklinin də daxil edildiyini bildirib.

Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək rayon gəncləri adından əcnəbi həmkarlarını salamlayıb və onların belə mühüm tədbiri məhz Masallıda təşkil etdiklərinə görə öz minnətdarlığını bildirib və rayon gəncləri, onların fəaliyyəti və uğurları haqqında məlumat verib.

Tədbirdə çıxış edən Moldova, Yunanıstan, Gürcüstan, Bolqarıstan və İtaliyadan olan əcnəbi gənclər buradakı fəaliyyətin onlar üçün uğurlu olacağına əminliklərini ifadə ediblər.

Qeyd edək ki, ADTGT-nin layihəsi əsasında həyata keçirilən tədbir 11 ölkədən olan əcnəbi gənclərin Azərbaycandan olan həmkarları ilə gənclərin məşğulluq və işsizlik sahəsində əsas səciyyəvi problemlərinin öyrənilməsi, təhlili, gənclərin yeni iş imkanları, effektiv karyera quruculuğu, məşğulluğa dair bilik, bacarıq və vərdişlərin aşılanması istiqamətində informasiya və təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə