Tərtər RİH: Rayon haqqında yazılanlar böhtan və qərəzlidir

Tərtər RİH: Rayon haqqında yazılanlar böhtan və qərəzlidir

Son zamanlar ayrı-ayrı xəbər portallarında Tərtər rayon İcra Hakimiyyəti və onunrəhbərliyi haqda müxtəlif səpkili, böhtan xarakterli yazılar dərc olunur. SİA-nın aldığı məlumata görə, bütün bunlar Respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da görülən möhtəşəm işlərə kölgə salmaq və mövcud sosial sabitliyin pozulmasına yönəlmiş qərəzli hərəkətlərdən başqa bir şey deyildir. Çünki qısa bir zaman kəsiyində ölkəmiz yüksək inkişaf həddinə çatıb. Ölkə rəhbərliyinin aparılan abadlıq və quruculuq işlərinə bilavasitə diqqət və qayğısı yerli hakimiyyət strukturlarını işlərində dönüş yaratmağa, daha çevik fəaliyyət göstərməyə sövq edib. Bunun bariz nümunəsi kimi Tərtər rayon rəhbərliyi də öz bacarığı, təşkilatçılığı və insani keyfiyyətləri ilə tərtərlilərin hörmət və rəğbətini qazanıb. Məntiqi olaraq rayon rəhbərliyi haqqında ayrı-ayrı şəbəkələrdə gedən, heç bir fakta söykənməyən yazılar hər kəsdə təəssüf və ikrah hissi doğurur.

Bu günlərdə Tərtər rayonu haqqında xəbər saytlarının birində yerləşdirilmiş "Tərtər icra başçısı rayonda sahibkarların qənimi kimi tanınır" başlıqlı yazı haqlı olaraq yenə də rayon ictimaiyyətinin qəzəbinə səbəb olub. Yazılanların tam əksinə olaraq Tərtər rayonu özünün inkişaf tempinə görə respublikamızın öndə gedən bölgələrindən biri olmaqla, burada sahibkarlarla işlər əlaqəli qurulur. Əhalinin ən xırda tələblərinə icra hakimiyyətinin başçısı tərəfindən daim diqqət və qayğı göstərilir. Rayon rəhbərliyi tərəfindən sahibkarlara heç bir təzyiq olmur, əksinə sahibkarlığın inkişfına xüsusi diqqət və qayğı ilə yanaşılır.

Son illərdə rayonda heç bir etiraz xarakterli aksiya keçirilməyib. Polis və məmurlar tərəfindən sahibkarların təzyiqə məruz qalmaları barədə bir dəfə də olsun müraciət olmayıb, rayon ərazisində taksi xidmətləri ilə məşğul olanların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb. Ancaq qərəzli surətdə verilmiş yazıda qeyd olunur ki, iyulun 26-da polislər köhnə avtovağzala gedərək burada dayanan taksi sürücülərini oradan uzaqlaşdırıblar. Güya həmin günün səhərisi də polislər əraziyə yenidən gələrək sahibkarları və taksi sürücülərini vağzalın ərazisinə buraxmayıblar və sahibkarların oradan qovulmalarında Tərtər rayon Polis Şöbəsinin rəisi Nəriman müəllim şəxsən iştirak edib. Yalana bir bax! O dəqiqə bilinir ki, bu yazı "cızma-qaraçı"nın öz uydurmasıdır. Çünki Tərtər rayonunun sabiq polis rəisi Nəriman İmanov 2012-ci ilin 5 oktyabrından Masallı rayonunda polis rəisi işləyir.

Tərtərdə fəaliyyət göstərən yeni avtovağzalın sahibkarı ilə rayon icra hakimiyyəti başçısının heç bir yaxınlığı və qohumluğu yoxdur. Avtovağzal icra başçısının Tərtər rayonuna təyin olunduğu vaxtdan əvvəl tikilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 2012-ci il oktyabr ayının 7-də Tərtər rayonuna səfəri zamanı rayonda Dövlət Bayrağı meydanının, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin və Süd emalı zavodunun açılışlarında şəxsən iştirak edib.

Yazıda bu yaxınlarda ölkə Prezidenti cənab İlham Əliyevin bölgələrə səfəri zamanı Tərtər rayonunda yeni inşa edilmiş bir sıra obyektlərin tikilərək açılışına hazırlıq görülməsinə baxmayaraq, dövlət başçısının rayondan geri dönməsi göstərilir. Halbuki Prezidentin Qarabağətrafı rayonlara səfəri dövründə Tərtər rayonunda heç bir sosial və digər təyinatlı obyektlərin təhvil verilməsi faktı olmayıb. Sosial şəbəkədə verilmiş yazıda göstərildiyi kimi deyil, Ulu Öndər Heydər Əliyevin abidəsi 2006-cı ildə rayonun mərkəzi meydanında ucaldılıb. Cənab Prezidentimiz həmin ilin mart ayında şəxsən abidənin açılışını edib.

Şəbəkədə gedən yazıda cənab Prezident Tərtərdə olarkən icra başçısı tərəfindən aldadılaraq guya rayonun Köçərli kəndində kənd təsərrüfatı məhsullarını saxlamaq üçün soyuducu anbar tikildiyi bildirilib. Nəyə görə belə deyilsin? Bu sualın cavabı heç müəllifə də aydın deyil. Tərtərdə hamı yaxşı bilir ki, soyuducu anbar Köçərli kəndində deyil, rayon mərkəzində tikilib istifadəyə verilib.

Böhtan və yalanla dolu yazıda o da qeyd olunur ki, 1993-cü ildə erməni işğalçılarından azad edilən ərazilər başçı tərəfindən necə gəldi satılır.

Hazırkı rayon rəhbərliyi tərəfindən indiyədək Marquşavan və Levonarx kəndləri ərazisində heç kimə torpaq sahəsi verilməyib. Adıçəkilən ərazilərdəki torpaq sahələri bir neçə il bundan əvvəl ayrı-ayrı şəxslərə istifadə üçün müqavilə ilə verilib.

Yaxşı olardı ki, sosial şəbəkələrdə rayon rəhbərinin fəaliyyəti dövründə rayonda gedən sosial-iqtisadi yüksəliş, rayon əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər öz əksini tapa idi.

Təmiz insanları ləkələmək üçün sifarişli yazılar yazanlar unutmasınlar ki, tərtərlilər ağı qaradan seçməyi yaxşı bacarır. Dövlətçiliyə sadiq məmurlara ləkə vurmaqla onları tutduqları düz yoldan çəkindirmək olmaz. Çünki atalar demişkən, "yalan ayaq tutar, ancaq yeriməz". İnsanlar yazılanlarla olanları müqayisə edib şəbəkələrdə təkcə Tərtər rayonu haqqında deyil, başqa bölgələr haqqında da gedən yalan və böhtanla dolu yazılara inanmırlar. Tərtərlilər ölkə rəhbərinə, möhtərəm prezidentimiz cənab İlham Əliyevə inanır və onu dəstəkləyirlər. Qarşıdan gələn prezident seçkilərində onlar ancaq və ancaq İlham Heydər oğlu Əliyevə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə