Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin Kollegiya iclası keçirilib. Ədliyyə Nazirliyi Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda çıxış edən nazir ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş hərtərəfli inkişaf strategiyasına uyğun olaraq son illər ölkəmizin sürətli iqtisadi tərəqqiyə nail olduğunu, əhalinin rifahının günbəgün yaxşılaşdığını, Azərbaycanın dünyada imicinin xeyli yüksəldiyini vurğulamış, respublikamızın sosial-iqtisadi tərəqqisi çərçivəsində ədliyyə və məhkəmə islahatlarının nailiyyətlərini qeyd edib.
Kollegiyada ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, habelə Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının icrası üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Bildirilib ki, ölkəmizdə aparılan geniş qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edən nazirlik cari ilin 6 ayında 334 normativ hüquqi aktın layihəsini hazırlamış, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 753 belə aktı hüquqi ekspertizadan keçirib. Əhalinin təmənnasız istifadə etdiyi milli qanunvericiliyin elektron bazasına (e-qanun.az) və Hüquqi Aktların Dövlət Reyestrinə (huquqiaktlar.gov.az) 846 sənəd daxil edilib və bazada sənədlərin sayı 26.000-ə çatıb.
Həmçinin, notariat hərəkətlərinin sayı 1,7 milyonu ötmüş, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 168 mindən çox əməliyyat aparılıb. Onlardan doğum faktının qeydiyyatı 78.700-ə, nikahların sayı da 15% artaraq 38.500-ə çatıb. Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının sayı artıb, bu il 70 belə qurum dövlət qeydiyyatına alınıb, 72 mətbu nəşr uçota götürülüb. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3.900-ə çatıb, KİV-lərin sayı isə 4.800-ü ötüb.
Dövlət Proqramına uyğun olaraq ədliyyə orqanlarında korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayan müasir İKT-lərin daha geniş tətbiqi üzrə xeyli işlər görülüb, o cümlədən 2013-cü ilin dövlət başçısı tərəfindən "İKT ili" elan olunması ilə əlaqədar ədliyyə fəaliyyəti ilə bağlı 17 elektron xidmət növündən əksəriyyəti artıq istifadəyə verilib, www.exidmet.justice.gov.az saytının yeni versiyası hazırlanıb, elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb. Həmçinin, qeyri kommersiya qurumlarının qeydiyyatı və mətbu nəşrlərin uçotu prosedurları ilə bağlı elektron xidmətlər hazırlanıb, habelə "Elektron notariat" sistemi də yaradılaraq sınaq rejimində 24 notariat kontorunda istismara verilib. Notariat orqanlarında istifadə olunan elektron xidmət köşklərində ödənişlərin plastik bank kartları vasitəsi ilə aparılması təşkil edilib, qeydiyyat orqanlarında da bu müsbət təcrübənin tətbiqinə başlanılıb və "pay-point" ödəniş terminallarının ilk nümunəsi sınaqdan keçirilməsi üçün Səadət Sarayında quraşdırılıb.
Eyni zamanda, Məhkəmə-Hüquq Şurası ilə birgə məhkəmələr tərəfindən elektron xidmətlərin göstərilməsi işində mobil operatorların və internet resurslarının imkanlarından geniş istifadəsi üzrə tədbirlər görülüb, məhkəmə prosesi tərəflərinə SMS vasitəsilə bildirişlərin göndərilməsi təcrübəsi pilot layihə qaydasında bir sıra məhkəmələrdə tətbiq olunur.
İstehlakçıların hüquqlarının qorunmasına xidmət edən və artıq iş adamları üçün əməli əhəmiyyət daşıyan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin (yoxlama.gov.az) fəaliyyəti təkmilləşdirilib, nazirliyin internet səhifəsində elektron xidmətlər bölməsinə və "1650" avtomatlaşdırılmış telefon xidmətinə sahibkarlara məlumat almaq və müraciət etmək imkanı yaradan funksiyalar əlavə olunub.
İclasda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanundan və onun tətbiqi barədə ölkə Prezidentinin 28 avqust tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunaraq bu mühüm sənədin ədliyyə orqanlarında mütəşəkkil icrası ilə bağlı konkret tapşırıqlar verilib.
Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin yüksəldilməsi üzrə əsaslı tədbirlər görülür. Bu ilin birinci yarısında da icra işlərinin sayı 26,5% artaraq 142.200-ə çatıb, onlardan 96.500-nin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 56 milyon manatdan çox vəsaitin ödətdirilməsinə nail olunub. Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1.300 şəxs inzibati məsuliyyətə cəlb olunub. Məhkəmə qərarlarını qərəzli olaraq icra etməyən şəxslərlə bağlı 136 cinayət işi başlanıb, 1.832 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.
Eyni zamanda, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması mexanizmi xeyli təkmilləşdirilib, insan hüquqlarının təmin olunması baxımından qadağanın daha çevik götürülməsi məqsədilə icra xidmətində "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-
axtarış sistemi quraşdırılıb, nazirliyin internet saytında qadağa qoyulmuş şəxslərin müəyyən edilməsinə dair elektron xidmət işlənilərək istifadəyə verilib.
İclasda Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının bu ilin sonunda başa çatması nəzərə alınaraq, ədliyyə fəaliyyətinin gələcək inkişafı üzrə yeni strateji istiqamətlərin müəyyən olunması ilə bağlı tapşırıqlar verilib.
Kollegiyada həmçinin, mövcud nöqsan və çatışmazlıqlar müzakirə olunub, ədliyyə orqanlarının fəaliyyətində səmərəliliyin yüksəldilməsi, vətəndaşların müraciətlərinə qayğı ilə yanaşılması, korrupsiyaya şərait yaradan hallara qarşı qəti mübarizənin aparılması, etik davranış qaydalarına dönmədən riayət olunması, ədliyyə fəaliyyətində şəffaflığın artırılması, müasir İKT-lərin tətbiqi dairəsinin genişləndirilməsi və s. üzrə konkret tədbirlər müəyyən olunub.
Eyni zamnada, icra işinin yaxşılaşdırılması, penitensiar müəssisələrdə axtarış-baxış tədbirlərinin gücləndirilməsi, regional ədliyyə şöbələrinin imkanlarından səmərəli istifadə edilməklə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, Ədliyyə Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi, kadr potensialının möhkəmləndirilməsi və vakansiyaların hazırlıqlı gənc hüquqşünaslarla çevik doldurulması ilə bağlı aidiyyəti qurumlara zəruri tapşırıqlar verilib.
İclasda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ aktların layihələri müzakirə olunaraq qəbul olunub, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB