Cinsi zorakılığın qurbanı olan "gələcəyimiz" ARAŞDIRMA

Cinsi zorakılığın qurbanı olan "gələcəyimiz" ARAŞDIRMA

Dünyada hər beş uşaqdan biri zorakılığa məruz qalır. Daxili İşlər Nazirliyinin məlumatına görə isə, ölkəmizdə uşaqlara qarşı törədilən cinayətlərin 40%-ni məişət zorakılığı təşkil edir. Lakin MDB ölkələri ilə müqayisədə Azərbaycanda uşaqlara qarşı cinayətlər və onların cinsi istismar növləri 2-4 dəfə aşağıdır. Ümumilikdə isə, ölkəmizdə zorakılığın ən çox rast gəlinən formalarına məişət zorakılığı, uşaqlara qarşı etinasızlıq, cinsi zorakılıq, internet vasitəsilə zorakılıq, KİV-də zorakılıq qurbanı olan uşaqların məxfiliyinin qorunmaması və s. aid etmək olar.

Son zamanlar öz yaxınları tərəfindən cinsi zorakılığa məruz qalmış azyaşlılar barədə mətbuatda yetərincə məlumatlar yayılmaqdadır. Məsələ ilə bağlı psixoloq Dəyanət Rzayev bildirdi ki, dövrümüzdə getdikcə artmaqda olan cinsi zorakılıq daha çox oğlan uşaqlarında müşahidə olunur. Bu kimi hadisələr isə ölkə üzrə əsasən bölgələrdə çoxluq təşkil edir: "Ümumilkdə Azərbaycanda cinsi zorakılıq və bu istiqamət üzrə mövzular qapalılıq təşkil edir. Bir çox ailələrdə bu hadisə baş verdikdə, "Adım çıxınca canım çıxsın" məsələsinə uyğun hərəkət edilir və zorakılıqla bağlı nə hüquq-mühafizə orqanlarına, nə aidiyyatı üzrə dövlət qurumlarına, nə də psixoloqlara müraciət edilmir. Nəticədə isə zorakılıq halları, əsasən də cinsi istismar daha da genişlənir".

Psixoloq cinsi zorakılığın əsasən bölgələrdə yayılmasının səbəbini isə azyaşlıların bu məsələ barədə məlumatsız olması ilə izah etdi: "Şəhər mühitində zorakılıq hallarının qarşısının alınması üçün bir sıra vasitələr – internetdə, sosial şəbəkələrdə məlumatlar, kino-filmlər yetərincə mövcuddur. Bu məsələdə şəhərdə yaşayan ailələrlə rayonlarda və kəndlərdə yaşayan ailələr arasında fərqliliklər var ki, bu da özünü valideynlə övlad arasında olan münasibətlərdə, müəyyən mövzularda valideyinin övladı lazımı səviyyədə məlumatlandırmasında göstərir. Şəhərdən fərqli olaraq bölgələrimizdə bu kimi məsələlər müzakirə olunmur, gizli saxlanılır. Azyaşlılar bu barədə məlumatsız olduğuna görə isə cinsi zorakılıqla qarşılaşdıqda bunu normal qəbul edir, elə bil ki, bu belə də olmalı imiş. Onu da qeyd edim ki, cinsi zorakılıq halları ölkə üzrə əsasən cənub zonasında daha çox qeydə alınır".

Bəzən gənclər ailə quran zaman onlara valideynlər tərəfindən müəyyən istiqamətlər verildiyini deyən D. Rzayevin sözlərinə görə, "ya xalan qızını al, ya dayın qızını al" və s.. bu kimi yönləndirilmə də azyaşlılara təsir edir və elə ona görə də soz zamanlar yaxın qohumlardan birinin digərinə təcavüzü ilə əlaqədar faktlarla daha çox rastlaşırıq: "Cəmiyyətimizin ən böyük problemi isə bu kimi halları görmək istəməməsi və ya olmuş hadisələri inkar etməsi, "Mentalitetimiz var, Azərbaycanda belə bir hadisə ola bilməz!" düşüncəsilə yaşamasıdır".

Psixoloq onu da qeyd etdi ki, azyaşlı zorakılığa məruz qaldıqdan sonra psixoloji sarsıntı keçirir və onda şüuraltı xəstəliklər baş qaldırır: "Cinsi zorakılığa məruz qalmış azyaşlı hadisəni yaşadığı müddətdə anlamasa da, müəyyən zaman keçdikdən sonra kənardan eşitdiyi məlumatlar nəticəsində məsələdən agah olur və gəncin beynində şizofreniya yaranır, psixoloji problemlər baş qaldırır. Gələcəkdə bu nevrotik hallarla nəticələnir və zorakılığa məruz qalmış insanın həyatı "alt-üst" olur. Bu kimi xəstələr psixoloqa müraciət etdikdə müalicə uzunmüddətli olur, bəzən isə xəstənin sağalmaq ehtimalı sıfıra bərabər olur".

Ailə, Qadın və Uşaq Problemləi üzrə Dövlət komitəsinin uşaq məsələləri üzrə şöbəsinin müdir müavini Pərviz Əliyev isə bildirdi ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda uşaqların cinsi zorakılığa məruz qalması halları çox azdır. Rəsminin sözlərinə görə, ümumiyyətlə Azərbaycanda son illərdə zorakılığa məruz qalmış uşaqların sayında azalma müşahidə olunub: "Belə ki, 2012-ci ildə uşaqlara qarşı zorakılıq hallarının sayı 234 olub. 2011-ci ildə isə bu rəqəm 324 olub. Eyni zamanda cinayət işlərinə nəzər yetirsək görərik ki, uşaqlara qarşı cinsi zorakılıq hallarında da azalma müşahidə olunub".

Cinsi zorakılıq hallarının daha çox azyaşlıların məsələ ilə bağlı məlumatsızlığından qaynaqlandığını deyən P. Əliyev qeyd etdi ki, komitə zorakılıqla bağlı daha çox bölgələr üzrə orta məktəblərdə, internat məktəblərində, ümumtəhsil məktəblərində, yetkinlik yaşına çatmayanlar üçün tərbiyyə müəssisələrində mütəmadi olaraq tədbirlər həyata keçirir, azyaşlıların məsələ ilə bağlı məlumatlandırılmasına şərait yaradır: "Ailə daxilində uşaqlara qarşı cinsi zorakılıq halları baş verdikdə gizli saxlanıldığı üçün qurumumuz ailələrlə birbaşa ünsiyyətə girməyə daha çox üstünlük verir. Belə ki, paytaxtda, əsasən bölgələrimizdə "Ailə və uşaqlara dəstək mərkəzi" fəaliyyət göstərir. Qurumun sosial işçikləri və psixoloqları mütəmadi şəkildə risk qrupuna daxil olan ailələrlə əlaqə yaradır, onlar daimi olaraq nəzarətə götürülürlər. Rayon icra hakimiyyətində isə yetkinlik yaşına çatmayan azyaşlılarla işləyən komissiya mütəmadi olaraq bu ailələrlə bağlı məlumatlandırılır".

Daima cəmiyyətdə belə bir fikir mövcud olub ki, uşaqlara qarşı cinsi zorakılıq halları demək olar ki, yoxdur və ya bu çox nadir hallarda baş verir. Lakin uşaqlara qarşı zorakılıq halları cəmiyyətdə hər zaman mövcud olub və mövcuddur. Statistika göstərir ki, 18 yaşına kimi uşaqların 25%-i cinsi zorakılığa məruz qalır. Bu rəqəm isə gələcəyimiz üçün yetərincə böyük təhlükədir.

Bütün xəbərlər Facebook səhifəmizdə