Mais Səfərli: "Onlar Cəmil Həsənlini seçməklə, sadəcə kiminsə arxasında gizlənmək istəyirlər"
Yurddaş Partiyasının sədri Mais Səfərlinin SƏS TV-yə müsahibəsi:
- Mais müəllim, "Milli Şura" nın ehtiyat vahid namizəd məsələsində Əli Kərimli ilə İsa Qəmbərin mövqelərinin üst-üstə düşməsinə sizin münasibətiniz necədir?
- Əlbəttə ki, bu təkcə siyasətçilər üçün deyil, eyni zamanda cəmiyyət üçün də maraqlıdır. Çünki bu iki şəxs, uzun illərdir ki, bir-birinə rəqibdirlər. Onlar bir-birilərinə heç bir zaman güzəştə getməyiblər. Müxalifət düşərgəsində bugünə qədər, vahid namizəd məsələsində birliyin olmaması da məhz, onların səsləndirdikləri əks fikirlərdən qaynaqlanıb. Mən verdiyiniz suala cavab olaraq deyə bilərəm ki, onların bu mövzuda vahid mövqe nümayiş etdirməsinin ən başlıca səbəbi, az öncə də qeyd etdiyim kimi birinin digərini vahid namizəd olaraq görməməsidir. Buna görə də, onlar özlərindən fərqli olaraq, ziyalı bir şəxsin namizədliyinin üzərində dayandılar. Eyni zamanda onlar bunu özləri üçün uğur hesab edir. Bu məsələnin arxasında dayanan digər əsas məqamı da diqqətinizə çatdırmaq istərdim. Belə ki, bildiyiniz kimi bu siyasətçilərin uzun illərdən bəri siyasətdə olmasına baxmayaraq, onlar mütamadi olaraq seçkiləri uduzurlar. Onların rəhbərlik etdiyi partiya nəinki prezident seçkilərində, heç bələdiyyə seçkilərində belə yüksək nəticə əldə edə bilmir. Təbii ki, bunların hamısını onlar çox yaxşı bildiyinə görə, rəhbərlik etdikləri partiyanın üzvlərinin sualları qarşısında aciz qalacaqlarını əvvəlcədən görürlər. Sözügedən üzvlər onlara müraciət edərək deyəcək ki, necə olur ki, siz uzun illərdir uduzur özünüzü doğrultmursunuz, bununla belə hələ də partiyaya rəhbərlik edirsiniz. Bu sual Beynəlxalq təşkilatları, o cümlədən Azərbaycanla maraqlanan mərkəzləri də düşündürür. Müşahidələr zamanı aydın olur ki, hər zaman demokratiyadan ağız dolusu danışan bu partiyaların rəhbərlərinin özləri demokratik deyillər. Onlar, məhz bu kimi suallardan boyun qaçırmaq üçün Rüstəm İbrahimbəyovun və yaxud Cəmil Həsənlinin namizədliyini dəstəklədilər. Onlar seçkidə uduzduqdan sonra, məharətlə deyəcəklər ki, biz seçkidə iştirak etməmişik, bu baxımdan seçkilərdə məğlub olan biz deyilik, bu, Cəmil Həsənlinin məğlubiyyətidir.
- Bildiyiniz kimi, Rəsul Quliyev iddia edir ki, Cəmil Həsənli əslində "Milli Şura"-nın ehtiyat namizədi deyil. Bu insan yalnız İsa Qənbərlə Əli Kərimlinin fərdi namizədidir. Sizcə, doğurdandamı Cəmil Həsənli "Milli Şura"-nın namizədi deyil?
- Mən "Milli Şuran"-nın iclasında iştirak etmədiyimə görə, Cəmil Həsənlinin namizədliyinin hansı şəraitdə təsdiq olunmasını deyə bilmərəm. Lakin "Milli Şura" nın sədri olan Rüstəm İbrahimbəyov onun namizədliyini dəstəklədiyini bəyan edib. Onunla yanaşı "Milli Şuranın digər üzvləri də Cəmil Həsənlinin namizədliyini qəbul edib. Digər tərəfdən Rəsul Quliyevin özü də belə bir fikirlə çıxış etmişdi ki, əgər siz mənim namizədliyimi dəstəkləsəniz, mən Azərbaycana belə gəlməyə razıyam. Sözsüz ki, bu fikir də onun namizədliyə iddialı olduğundan qaynaqlanır. Məhz bu səbəbdən də o, Cəmil Həsənlinin namizədliyinə qısqanclıqla yanaşır.
- Mais müəllim, 2005-ci il Parlament seçkilərində, Cəmil Həsənli AXCP nümayəndəsi kimi qələbə qazanmışdı. Bu hadisədən sonra Əli Kərimli onu hakimiyyətə xidmət etməkdə günahlandırdı. Sizcə, bir vaxtlar ittiham etdiyi insanı bu gün dəstəkləməsi, maraqlı deyilmi?
- Təbii ki, maraqlıdır. Mən əvvəlki fikirlərimdə də qeyd etdim ki, onlar Cəmil Həsənlini seçməklə sadəcə kiminsə arxasında gizlənmək istəyirlər. İsa Qənbərlə Əli Kərimlinin bir-birinə güzəştə getmək fikri yoxdur. Digər tərəfdən, onlar çox gözəl bilirlər ki, Prezident İlham Əliyevlə yarışmaq asan məsələ deyil. Onlar İlham Əliyevlə eyni siyasi çəkiyə malik ola bilməzlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB