Bir neçə gün əvvəl İsrail Milli Təhlükəsizlik Şurasının Anti-terror bürosu ölkə vətəndaşlarına payızda ənənəvi bayramlar ərəfəsində bir sıra ölkələrə səfər etməməklə bağlı xəbərdarlıq etmişdir. Tərtib olunan siyahıda Azərbaycan Nigeriya, Keniya kimi hər gün terror hadisələrinin, silahlı insidentlərin baş verdiyi ölkələrlə bərabər tutulur.
Azərbaycan cəmiyyəti üçün bu bir yenilik deyil. Artıq neçənci dəfədir ki, İsrail rəsmi orqanları ölkəmizin adını potensial terror təhlükəsi olan ölkələr siyahısına salır. İctimaiyyət üçün bu xəbər adiləşmişdir və heç bir əhəmiyyət daşımır. Reallıqdan uzaq olan bu xəbərdarlığın israilli turistlər üçün də heç bir mənası yoxdur. Çünki Azərbaycanla tarixi bağlılıqları olan yəhudilər ölkəmizə gəlməkdə davam edirlər və bu xəbərdarlıq onlarda hər hansı təşviş və ya qorxu yaratmır. Diplomatik dairələrin də reaksiyası olduqca adidir. Israil səfirliyi hər dəfə bunu regiona məxsus ümumi bir prosedur hesab etdiyini bildirir.
Bəs belə olanda bu xəbərdarlıq nəyə lazımdır? Azərbaycan uzun əsrlərdir yəhudilərin yaşadığı tolerant bir ölkədir. Tarixi inkişafın bütün mərhələlərində, hətta orta əsrlər dini dövlət zamanı belə yəhudilərə qarşı Azərbaycanda həmişə qarşılıqlı hörmət olmuşdur. İndi Azərbaycana səfər edən İsrail rəsmilərinin və dünya yəhudi icmasının nümayəndələri də bu məqamı xüsusi qeyd edirlər.
Bu xəbərdarlığın heç bir praktiki əhəmiyyəti olmasa da, Azərbaycanın imicinə mənfi təsir etdiyi şübhəsizdir. Lap İsrail üçün bu ümumi xəbərdarlıq mahiyyəti daşıyır. Lakin gəlin görək Azərbaycana necə təsir edə bilər. "Yerusəlim Post" qəzeti bunu bütün dünyaya yayır. Regiondan çox-çox uzaqlarda yerləşən ölkələr üçün Azərbaycan haqqında rəy formalaşdırmağa təsir etməsi şübhəsizdir. Bu bir reallıqdır ki, biz Azərbaycanda sadə bir oxucu olaraq Papua Yeni Qvineyada və ya Cibutidə nə baş verdiyini bilmirik. Əslində heç bilmək məcburiyyətində də deyilik. Bu ölkələr haqqında bizim fikrimizi mətbuatdan nə vaxtsa hafizəmizə ilişmiş bir material formalaşdırır. Israil rəsmi orqanları və mediası da dünyada Azərbaycanla bağlı yanlış bir təəssürat yaratmağa səbəb və vasitəçi olurlar.
Ölkədə baş verən terror hadisələrinə, silahlı insidentlərə, dini ayrı-seçkiliyə görə kriminal hadisələrin statistikasına nəzər salsaq İsraillə Azərbaycan müqayisə olunmazdır. Lakin İsrailə getməməklə bağlı Azərbaycanın dünyada indiyədək hər hansı bir məlumat yaydığına rast gəlinməmişdir.
Azərbaycan hər bir turistin, əcnəbi vətəndaşın tam sərbəst hərəkət edə biləcəyi firavan bir ölkədir və bunu ölkəmizdə fəaliyyət göstərən bütün diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndəlikləri də təsdiq edirlər.
Məsələnin bir ikinci tərəfi də vardır. Xəbərdarlığın konkret ölkə ilə bağlı deyil, regionla əlaqəli olma iddiası. İsrailin Azərbaycanda keçmiş səfiri Mixail Lötem 2012-ci ildə APA-ya müsahibəsində bildirmişdi ki, "Siyahı konkret Azərbaycanla deyil, sizin qonşularınız və coğrafi mövqeyinizlə əlaqəlidir".
Belə olan halda məsələnin mahiyyətinə regiondakı digər ölkələrlə müqayisəli baxmaq lazımdır. Əgər İsrail tərəfi qonşularımızdan ehtiyat edirsə, onda regionda digər ölkələrin də qonşuluq münasibətlərinə diqqət yetirək. Eyni coğrafiyanı bölüşdüyümüz və eyni qonşuların əhatəsində olan Cənubi Qafqazın digər dövlətləri – Gürcüstana və Ermənistana fərqli münasibət göstərilir. İsrail prizmasından qiymətləndirsək, bu ölkələr də potensial təhlükəli ölkələr siyahısında olmalıdır.
Azərbaycanda son illər heç bir terror hadisəsi baş verməmişdir. Kriminal statistikada İsrail vətəndaşları və yəhudilərlə əlaqədar hər hansı bir xüsusi hadisə qeydə alınmamışdır. Bəs belə olan halda bu xəbərdarlığın konkret ölkə ilə bağlı deyil, coğrafi mövqe və qonşularla bağlı olduğuna necə inanmaq olar?
Beləliklə, İsrail Milli Təhlükəsizlik Şurasının Anti-terror bürosunun bu xəbərdarlığı nə Azərbaycan reallığını əks etdirir, nə də Azərbaycan-İsrail münasibətlərinin ruhuna uyğundur. Bu cür münasibət nə Azərbaycana, nə də İsrailə xidmət etmir. Xəbərdarlığın kimə lazım olduğunu isə gərək xəbərdarlıq edənlərin özləri müəyyənləşdirsinlər.
Newtimes.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB