“Avrasiya” klinikasının rəhbərliyi kimdən qaçır? ARAŞDIRMA - SəsTV
Heç kimə sirr deyil ki, indi çox vaxt işçi ilə işə götürən arasında sadəcə şifahi razılıq olur, əmək müqaviləsi imzalanmır. Lakin qanunvericilikdə öz əksini tapmasına və dövlət qurumlarının böyük işlər görməsinə baxmayaraq, bir çox ölkələrdə olduğu kimi, bu gün Azərbaycanda da işə götürənlə işçilər arasında əmək müqaviləsinin bağlanması bir sıra hallarda ciddi problem olaraq qalmaqdadır.
Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2012-ci ildə Azərbaycanda 4 milyon 665 min məşğul insan qeydə alınıb. Bunlar arasında muzdla işləyənlərin sayı 1 milyon 425 min nəfərdir, onların əksəriyyəti əmək müqaviləsi imzalamadan çalışır. Aparılan araşdırmalar göstərir ki, əmək müqaviləsi olmadan çalışma halları əsasən özəl sektorda, iaşə obyektlərində, nəqliyyatın bəzi sahələrində, eləcə də tikinti sferasında müşahidə edilir. Belə qurumlardan biri də Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 189 ünvanında yerləşən "Avrasiya" özəl klinikasıdır. Klinikadan redaksiyamıza gələn şikayətə əsasən, burada çalışan 80-ə yaxın işçi heyətinin sadəcə 10 nəfəri əmək müqaviləsi əsasında işləyir. Bu da işçinin istismarına, hüquqlarının tapdanmasına, əsas da vergidən yayınma hallarına səbəb olur.
Bundan əlavə şikayətdə bildirilir ki, klinikada xaricdən dəvət olunan həkimlər Miqrasiya Xidmətindən qeydiyyatdan keçmədən və onlarla da əmək müqaviləsi bağlanmadan fəaliyyət göstərirlər. Bir müddət öncə elə xaricdən dəvət olunan həkim klinikada xəstəni müayinə edərkən Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən yaxalanaraq, qanunsuz fəaliyyət göstərdiyi üçün ölkədən deportasiya edilib. Eyni zamanda, klinikada xəstələrin aldadılması faktı da aşkarlanıb.
Məsələni yerində araşdırmaq məqsədilə SİA olaraq klinikaya yollandıq. Qeydiyyat bölməsindən aldığımız məlumatdan klinikanın sahibləri Qafur Cəfərov və Mənsur Cəfər adlı şəxslərin iş yerində olmadıqlarını öyrəndik. Əvvəlcə bizi klinikaya gələn xəstə hesab edərək orada fəaliyyət göstərən Türkiyə vətəndaşı həkim hepotoloq Ali Avcı və Rusiya vətəndaşı olan həkim uroloq Səfər Həmidovun xidmətlərindən yararlanmağı təklif etdilər. Biz isə məqsədimizin və məramımızın nə olduğunu işçilər vasitəsilə olsa da baş həkim, uroloq-androloq Vüsal Bədəlova çatdırdıq. Çəkilişə icazə verildiyi, baş həkimin məsələyə aydınlıq gətirəcəyi deyilsə də, sonradan baş həkimin təcili iş üçün harasa getdiyi, bir az kobud formada desək qaçdığı məlum oldu.
Daha sonra o da məlum oldu ki, Ali Avci və Səfər Həmidov da artıq xəstəxananı tərk ediblər. Sonradan Miqrasiya Xidmətindən öyrəndik ki, bu insanlar qeydiyyatdan keçməyiblər və deməli fəaliyyətləri də qanunsuzdur. Baş həkimin köməkçisi müdiriyyətin danışmağa və bütün bunları izah etməyə icazəsinin olmadığını deyərək çəkilişdən, açıqlama verməkdən imtina etdi.
Qeyd edək ki, "Avrasiya" klinikasının sahibi Qafur Cəfərovun daha bir özəl səhiyyə müəssisənin olduğunu da öyrəndik.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyini ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirdi ki, tibb xidməti ilə məşğul olmaq üçün xüsusi lisenziya alınması məqsədi ilə müraciət edənlər əsasən bir sıra şərtləri yerinə yetirməklə fəaliyyətə başlaması üçün səhiyyə nazirliyi tərəfindən icazə verilir.
Anar Qədirlinin sözlərinə görə, lisenziya verildikdən sonra, özəl klinikalar Səhiyyə Nazirliyi tərəfindən nəzarət altında saxlanılır. Lakin sözü gedən klinika ilə bağlı hər hansı bir qanuna uyğunsuzluğu Səhiyyə Nazirliyi müşahidə etməyib, əks halda həmin klinikanın fəaliyyəti dayandırılardı.
Daha sonra özəl klinikalarda o cümlədən, sözü gedən "Avrasiya" klinikasında qiymətlərin süni şəkildə qaldırılması məsələsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin katibi Abbas Əliyevlə əlaqə saxladıq. Nazirlik rəsmisinin sözlərinə görə, özəl klinikalardakı mövcud qiymətlər nə tarif şurası, nə də dövlət tərəfindən tənzimlənmir. Bu, birbaşa sahibkar tərəfindən müəyyənləşir. Ümumiyyətlə, nazirliyə özəl klinikalarda süni qiymət artımı haqqında heç bir məlumat daxil olmayıb. Lakin nazirliyə tibbi xidmət bazarında süni qiymət artımı ilə bağlı şikayət daxil olarsa və həmin şikayət öz təsdiqini taparsa, qanunvericiliyə əsasən, müvafiq tədbirlər görülür.
"Avrasiya" klinikasında əmək müqaviləsinin bağlanmaması da vergidən yayınma hallarına gətirib çıxarır. Bununla yanaşı, xarici vətəndaşların qeydiyyatdan keçmədən, qanunsuz şəkildə çalışması da vergidən yayınmanın digər bir üsuludur.
Azərbaycan respublikasının Vergi Məcəlləsində qeyd olunur ki, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin və ya fərdi sahibkarın bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alınır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar.
Vergi Məcəlləsində qeyd olunan müddəaları Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi Tariyel Quliyev də təsdiqlədi. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir.
Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan və tutulması mümkün olmayan gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.
"Avrasiya" klinikasındakı qanunsuzluq iddiaları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə də müraciət etdik. Aldığımız məlumata görə, Azərbaycanda, eləcə də başqa MDB ölkələrində ədalətli əmək müqaviləsinin bağlanması işəgötürənlərə heç sərf etmir. Özünüz baxın - gəlirdən 14% vergi verilməli, 25%-i dövlətin sosial müdafiə fonduna ödənilməlidir. Deməli əmək haqqı fondunun 39%-i dövlətə verilməlidir.
Məsələn, Azərbaycanda təkcə baş menecer, mühasib və baş mühəndislərin bir qismi ilə əmək müqaviləsi bağlanır. Digər strukturlarda əsasən də özəl sektorlarda əmək müqaviləsi bağlanılmır və işə götürənlə işçi qüvvəsi arasında sadəcə şifahi razılaşma baş tutur. Bu halda da əlbəttə ki, həm vergidən yayınma həm də eyni zamanda müqaviləsiz çalışan insanların hüquqları pozulur.
Miqrasiya Mərkəzi İctimai birliyinin rəhbəri Əlövsət Əliyev bildirdi ki, hüquqi şəxslər əcnəbiləri işə dəvət edərkən, bunun üçün Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etməlidir və DMX-də həmin əcnəbi vətəndaşın əmək fəaliyyəti göstərməsinə dair icazəsinə görə 1000 azn, 251 manat isə qeydiyyata görə rüsum ödəməlidir. Bundan əlavə, 90 manat rüsum ödəməklə, tibbi sağlamlıq kağızı olmalıdır. daha sonra icazə verilir və həmin əcnəbi şəxs əmək fəaliyyəti icra edə bilər. Yox əgər, bu kimi qaydalardan kənar hərəkət etdiyinə görə və bu kimi qanun pozuntuları Xidmət tərəfindən aşkar edilərsə, işə götürən 35 000 manat, fiziki şəxs isə 5000-6000 manata qədər cərimə ödəməlidirlər".
Münasibət öyrəndiyiniz qurum rəsmilərinin sözlərdən belə məlum oldu ki, "Avrasiya" klinikası qanunvericiliklə müəyyən olunmuş heç bir çox qaydalara riayət etmir. Bu isə ümumilikdə dövlətə zərər vurmaq deməkdir. Bunu sistemləşdirmək və aşkar etmək hər birimizin borcudur!
Biz sadəcə redaksiyamıza ünvanlanan şikayətin nə qədər əsaslı və ya haqlı olub-olmadığını araşdırmaq istədik. Ortaya hər hansı mövqe qoyub, klinika haqqında mənfi rəy formalaşdırmaq fikrimiz yoxdur. Ancaq, rəhbərliyin bu cür davranışı, onlara qarşı səsləndirilən iddiaları sükutla qarşılaması klinikanın adına xələl gətirir. Eyni zamanda sükut çox zaman razılıq əlaməti hesab olunur. Klinika rəhbərliyi də özünü müdafiə etməyə fakt və ya söz tapmadığından susmağa üstünlük verir.
Bizi isə qarşı tərəfin fikirlərini yayımlamağa hər zaman hazırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB