Dindarlar prezident İlham Əliyevi dəstəkləyir FOTOLAR

Sumqayıtda dini icmalar üçün regional konfrans keçirilib
Dindarlar prezident İlham Əliyevi dəstəkləyir FOTOLAR

Bu gün Sumqayıt şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı, Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Respublikanın Sumqayıt-Abşeron bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, eləcə də fəal dindar və ilahiyyatçılar üçün "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfrans keçirilib. SİA-ya DQİDK-nin mətbuat xidmətindən verilən məlumata görə, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, millət vəkili Musa Qasımlı, eləcə də digər rəsmi şəxslər, QMİ-nin, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak ediblər.

Əvvəlcə, konfrans iştirakçıları Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə əklil və tər güllər düzüblər. O cümlədən Şəhidlər xiyabanı ziyarət edilib.

Konfrasın açılışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, Sumqayıtdakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçirilən analoji silsilə tədbirlərin altıncısı olduğunu diqqətə çatdırıb. Komitə sədri bu konfransın ölkəmizdəki dövlət-din münasibətlərinə müsbət təsirlərini diqqətə çatdırıb.

Bildirib ki, müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Son illərdə milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə təmir-bərpa olunan ibadət evləri, ziyarətgahların sayının artdığını bildirib. "Bu il Qafqazın ən qədim məscidi olan Şamaxı Cümə məscidi, o cümlədən Sumqayıt Cümə məscidi və digərləri yenidən əsaslı şəkildə bərpa edilərək dindarların ixtiyarına verildi. Şamaxı Cümə Məscidinin açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycanda bir dənə də olsun təmir olunmayan məscid, ibadət evi qalmayacaq və yeniləri tikiləcək. Bu isə bir daha öz mənəvi dəyərlərimizə olan diqqətin bariz nümunəsidir".

E.İskəndərov Dövlət Komitəsinin gündəlik fəaliyyətində dini icmalarla işin əsas prioritet təşkil etdiyini diqqətə çatdıraraq qeyd edib ki, əsas məqsəd dini maarifləndirmənin gücləndirilməsi və düzgün istiqamətdə inkişaf etdirilməsidir. "Son zamanlar zərərli cərəyanlar din adında istifadə etməklə öz ideologiyalarını yaymağa çalışırlar. Biz bunu dünyanın müxtəlif ölkələrində görürük. Azərbaycanda bu istiqamətdə problem nəzərəçarpacaq dərəcədə olmasa da deyə bilmərik ki, biz bundan tam sığortalanmışıq. Amma düzgün dini təbliğat, insanlara dinimizi mükəmməl şəkildə çatdırmaq siz dini icmaların üzərində olan əsas vəzifədir. Odur ki, dini icmalar bu işdə xüsusilə fəallıq göstərməlidirlər".

Dövlət Komitəsinin sədri çıxışının sonunda konfransın işinin səmərəli olacağını diqqətə çatdıraraq vurğulayıb ki, "dini icmalar öz gündəlik fəaliyyətlərində ölkəmizin inkişafı üçün bütün imkanlardan istifadə etməli və dövlətimizin daha da güclənməsi naminə fəaliyyətlərini daha da genişləndirməlidirlər".

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxışı zamanı qeyd edib ki, Dövlət Komitəsinin bu təşəbbüsü ölkəmizdə dini maarifləndirmənin gücləndirilməsi istiqamətində atılmış mühüm addımlardandır. E. Əzizov ölkəmizdə dini sahəyə olan diqqət və qayğıdan danışmış Prezident İlham Əliyevin təşəbbüsü ilə Sumqayıt Cümə məscidinin əsaslı təmir olunması və dindarların istifadəsinə verilməsini xüsusi qeyd edib.

Millət vəkili Musa Qasımlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev çıxışları zamanı ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini nəzərə alaraq, son dövrlər Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

Çıxış edən din xadimləri daha çox son bir ildə dini maarifçilik işinin genişləndirilməsi, dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin gücləndirilməsi və tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirdiyi kompleks tədbirləri yüksək qiymətləndiriblər. Eyni zamandan vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətdə "Qazi Qarabağ azanı" layihəsini, dini maarifləndirmə işinə dəstək istiqamətində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Dövlət Komitəsinin dəstəyi ilə "Axund və imamlar üçün xütbə vəsaiti"ni, ölkəmizə tolerantlığın inkişafına xidmət edəcək Milli Tolerantlıq Mərkəzinin yaradılmasını xüsusi qeyd ediblər. Eyni zamanda Dövlət Komitəsinin dini icmalar üçün təlim kursları təşkil etməsi təşəbbüsünü dindarlar tərəfindən dəstəklənib və bunun ciddi nəticələr verəcəyinə əminlik ifadə olunub.

Din xadimləri çıxışları zamanı bildiriblər ki, bütün bunları, eləcə də milli-mənəvi dəyərlərimizə, tarixi-dini abidələrimizə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən qayğını Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərinin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsinin nəticəsi kimi qəbul edir və birmənalı olaraq dəstəkləyirik.

Konfrans iştirakçıları adından prezident İlham Əliyevə dəstək bəyanatı qəbul olunub. Bəyanatda bildirilir: "Bu gün xalqımız və dövlətimiz üçün böyük və ciddi əhəmiyyəti olan tarixi hadisə – ölkə Prezidenti seçkisi ərəfəsindəyik. Seçkilərdə iştirak etmək hər kəsin vətəndaşlıq borcudur. Lakin bu, dindar üçün həm vətəndaşlıq, həm də mənəvi borc deməkdir. Çünki dindar insan seçkilərdə iştirak etməklə həm vətəndaşlıq, həm də dini borcunu yerinə yetirmiş olur. Bu baxımdan dindarların cəmiyyətin önəmli təbəqələrindən biri kimi seçkilərdə daha aktiv iştirak etmələri zəruri və təbii haldır. Ölkədəki mövcud vəziyyəti düzgün qiymətləndirən, eləcə də dövlətin din sahəsində apardığı siyasəti və gördüyü böyük quruculuq işlərini təqdir edən Sumqayıt-Abşeron bölgəsinin dindarları artıq öz seçimlərini edərək namizədlərini müəyyənləşdirmişlər. Bu namizəd Azərbaycanın gələcək inkişafının təminatçısı İlham Heydər oğlu Əliyevdir. Əminik ki, təkcə Sumqayıt-Abşeron bölgəsində deyil, bütün ölkə ərazisində hər bir dindar üzərinə düşən vəzifənin məsuliyyətini nəzərə alaraq ciddi səylə çalışacaq və cənab Prezidenti dəstəkləməklə Azərbaycanımızın tərəqqisinə öz töhfəsini verəcəkdir".

Daha sonra Konfrans plenar iclaslarla öz işini davam etdirmişdir. Plenar iclaslarda "Milli-mənəvi dəyərlərimizə dövlət qayğısı", "Azərbaycanda ənənəvi İslam və xarici təsirlər", "İslamın radikalizmə və ifratçlığa qarşı münasibəti", "Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası", "Vəhdət naminə məzhəblərarası dialoq", "Vətənpərvərlik milli-mənəvi dəyər kimi", "Milli dövlətçiliyimizin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərimizin rolu" mövzularında məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılıb.

Regional Konfransın bağlanış mərasimində dini icmalar və din xadimləri konfransın işini yüksək qiymətləndirib, qeyd edilib ki, bu cür tədbirlər gələcəkdə də davam etdirilməlidir.

Qeyd edək ki, regional konfransda ümumilikdə yüzdən artıq nümayədə iştirak edib. və tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə