Şirvanın 50 illik yubleyi təntənəli şəkildə qeyd olundu

Şirvanın 50 illik yubleyi təntənəli şəkildə qeyd olundu

Şirvanın 50 illik yubleyi təntənəli şəkildə qeyd olunub. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, ötən gün Şirvan şəhərinə respublika tabeli şəhər statusu verilməsinin 50 illik yubileyinə həsr olunmuş ümumşəhər bayram şənlyi keçirilib.

Bayram tədbirindən əvvəl şəhər rəhbərliyi Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra bayram tədbiri Şirvan şəhərinin girişində yeni salınan Bayraq Meydanında davam etdi. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, Milli Məclisin deputatı Azay Quliyev, Şirvan şəhərinin sabiq icra başçısı, hazırda Ailə, Qadın və Uşaq problemləri komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və hüquq mühafizə orqanlarının rəhbərləri, Şirvan şəhərinin ictimai, siyasi həyatında xidmətləri olan insanlar, zəhmət adamları iştirak ediblər.

İlk öncə Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov çıxış edərək bildirib ki, Respublikamızın inzibati ərazi vahidlərindən biri olan Şirvan 1930-cu ilə kimi Ərəbşahverdi, Zubovka, Papanin, 1930-cu ildən 1963-cü ilə qədər Əli Bayramlı rayonu adlandırılmışdır. Tabeliyində iki şəhər, 1 qəsəbə, 16 kənd sovetliyi, ümumilikdə 101 kənd və başqa yaşayış məntəqələri olan kənd təsərrüfatı rayonu olmuşdur. 28 iyul 1954-cü ildə rayonun mərkəzi olan Əli Bayramlıya rayon tabeliyində şəhər statusu verilmişdir. 1950-ci illərin əvvələrindən başlayaraq bu ərazilərdə aparılan kəşfiyyat-qazma işləri 1955-ci ilin iyul ayının 18-də Kürovdağ yatağında 2 saylı qazma quyunun fontan vurması ilə nəticələndi. Həmin gün Azərbaycan, Şirvan neftçilərinin zəfər səlnaməsinə daxil olub və Şirvanın bir sənaye şəhəri kimi formalaşmasının təməli qoyulub.

1956-1968-ci illərdə Əli Bayramlıda (Şirvanda) Avropada ilk açıq tipli Dövlət Rayon Elektrik Stansiyası tikilib istifadəyə verilib. 1962-ci ildə Kür çayının üzərində ikinci körpü tikilib. Neft və energetika sənayesinin inkişafı rayonun iqtisadi inkişafına, təsərrüfat həyatının dəyişməsinə səbəb olub. Ərazidə sənaye infrastrukturları yaradılıb. 1963-cü ildə (04.01.1963) Azərbaycan Respublikası Ali Soveti rayonun təsərrüfat həyatında baş verən bu dəyişiklikləri nəzərə alaraq Əli Bayramlı rayonunun ləğv olunması və respublika tabeli Əli Bayramlı şəhərinin yaradılması barədə qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə 7 may 2008-ci il tarixli Sərəncamı ilə şirvanlıların təşəbbüsünü və xahişini nəzə alaraq şəhərin tarixi Şirvan adını özünə qaytardı.

1963-cü ildə respublika tabeli şəhər statusu almasına baxmayaraq Şirvanın şəhər kimi formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəlişi ilə gənc sənaye şəhəri Şirvanın iqtisadi inkişafına güclü təkan verdi. Onun xüsusi diqqət və qayğısı sayəsində yeni sənaye sahələri - Şimal və Cənub sənaye qovşaqları yaradıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2013-cü il tarixli və 1 iyul 2013-cü il tarixli sərəncamına uyğun olaraq Şirvan şəhərinin sosial-iqtisadi inkişafı daha da sürətləndirilir. Prezidentin fərman və sərəncamlarına uyğun olaraq şəhərdə özəl sektorun, sahibkarlığın inkişafına qayğı daha da artırılmışdır. Son on ildə Şirvan şəhərinin sosial-iqtisadi inkişafında əldə olunan uğurların nəticəsidir ki, şəhərdə ümumi məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə 2012-ci ildə 2,8 dəfə artaraq 248,1 milyon manat olmuşdur. Əsaslı kapitala yönələn investisiyalar 4,6 dəfə artaraq 25,1 milyon manat, o cümlədən tikinti-quraşdırıma işlərinin həcmi 7,2 dəfə artaraq 23,0 milyon manat təşkil etmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də aparılan abadlıq-quruculuq işləri, sosial-iqtisadi inkişaf, insan amilinə göstərilən qayğı ölkədə ictimai-siyasi sabitliyə, əmin-amanlığa etibarlı təminat yaradır, insanları möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşdirir.

İcra başçısı Şirvana, şirvanlılara göstərdiyi diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sakinlər adından dərin minnətdarlıını bildirib.

Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov Şirvan şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevevin 06 avqust 2013-cü il tarixli sərəncamı ilə fəxri adlara layiq görülmüş şəxsləri təbrik edərək medallar, müvafiq vəsiqələr təqdim edib.

Bayram tədbiri respublikanın tanınmış incəsənət ustalarının geniş konsert proqramı ilə davam edib. Gecəyə qədər davam edən bayram tədbiri sonda möhtəşəm atəşfəşanlıqla başa çadıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə