ABŞ-ın nüfuzlu "Eurasianet.org" internet resursunda Gürcüstanın tanınmış publisisti Giorgi Lomsadzenin Cənubi Qafqaz ölkələrinin parlamentlərində qadın deputatların təmsilçiliyinin vəziyyətindən bəhs edən məqaləsi dərc edilib.
Ermənistan parlamentində qadınların cəmi 11 faizlə təmsil olunduğunu diqqətə çatdıran müəllif, Azərbaycanın bu sahədə nəinki Cənubi Qafqaz ölkələrini xeyli qabaqladığını, hətta Rusiya və Ukrayna kimi dövlətləri də üstələdiyini yazıb. Bildirib ki, bu gün 125 mandata malik olan Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının 16 faizini qadınlar təşkil edir.
Müəllif məqaləsində Azərbaycanın inkişafından da söhbət açıb, ölkəmizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan bəhs edib. Yazıda deyilir: "Bir çox azərbaycanlı artıq təsdiqləyə bilər ki, onların ölkəsi regiondakı digər Cənubi Qafqaz dövlətləri ilə müqayisədə birincidir. Azərbaycan iqtisadi, infrastruktur, sosial sahələrdə regionun digər ölkələrindən öndədir".
Müəllif, həmçinin 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi olduğunu xüsusilə vurğulayıb. Məqalədə göstərilir ki, Azərbaycan qadın hüquqları sahəsindəki uğurları ilə haqlı olaraq fəxr edə bilər.
Cənubi Qafqazdan olan siyasətçi qadınların Avropa göstəricilərinə yaxınlaşdığını bildirən Giorgi Lomsadze Ermənistan və Gürcüstanda qadınların hüquqlarının müdafiəsi istiqamətində bir çox qanunların qəbul olunduğunu bildirsə də, bu sənədlərin kağız üzərində qaldığını, əməli fəaliyyətdə öz əksini tapmadığını xüsusi qeyd edib.
Müəllif vurğulayıb ki, 2012-ci ildə Ermənistanda keçirilmiş seçkilərdə parlamentdə 20 faiz qadının təmsilçiliyi nəzərdə tutulduğu halda, onların yalnız 11 faizi ali qanunvericilik orqanında söz sahibi ola bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB