Azərbaycanda I Avropa Oyunları yüksək səviyyədə keçiriləcək

Azərbaycanda I Avropa Oyunları yüksək səviyyədə keçiriləcək

"Bakıda keçiriləcək I Avropa Oyunlarına iki ildən də az vaxt qalır. Bu, ölkə üçün böyük şərəf və böyük məsuliyyətdir. İdmanın 21 növü üzrə yarışlarda təqribən 50 ölkədən 7000-dək idmançı iştirak edəcək ki, bunu da miqyasına görə 21 dünya çempionatının eyni vaxtda keçirilməsi ilə müqayisə etmək olar – bu çox çətin, amma həyata keçirilməsi mümkün olan vəzifədir". Bunu "Soçi-2014" Könüllülər Mərkəzinin rəhbəri, Rusiya Cənubunun Olimpiya Akademiyasının vitse-prezidenti, Olimpiya Hərəkatı Tarixçilərinin Ümumdünya Cəmiyyətinin üzvü, pedaqoji elmlər namizədi Denis Krujkov deyib.

O, olimpiya təhsilinə dair bu günlərdə Yunanıstandakı Beynəlxalq Olimpiya Akademiyasında başa çatmış gənclərin yay seminarına mühazirəçi kimi dəvət almaq şərəfinə nail olunduğuna görə Azərbaycanın Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib.

D.Krujkov qeyd edib ki, bu günlərdə o, nəinki Azərbaycanın gənclər təşkilatlarının atletləri, məşqçiləri və fəallarına müəllimlik edib, həmçinin onlardan ölkəmizin mədəniyyəti, ənənələri və idman nailiyyətləri barədə çox yenilikləri öyrənib. Bu ünsiyyət onu bir daha əmin edib ki, Şimali Qafqaz və Azərbaycan xalqları arasında ümumi cəhətlər çoxdur: "Seminarın iştirakçılarını müşahidə edərkən bir çox təşkilatlardan olan müxtəlif insanların bu on gün ərzində necə mehriban həmfikirlər komandasına çevrildiyini, onların gözlərindəki sevincin gündən-günə artdığını gördüm. Uşaqlar biliklərə böyük maraq göstərirdilər! Azərbaycana belə insanlar lazımdır. Onların əvəzsiz təcrübəsinin hədər getməsinə, gündəlik həyatının ətalətdə qalmasına yol vermək olmaz. Bilik o zaman dəyərlidir ki, bir adamda yığılıb qalmasın, digərlərinə ötürülsün".

Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanın çox böyük potensialı var: müasir idman tikililəri, tanınmış idmançılar və məşqçilər, ən yüksək dərəcəli hakimlər, yığma komandaların lazımi səviyyədə tibbi və psixoloji təchizatı. Lakin ən başlıcası odur ki, oyunların keçirilməsi ideyası təkcə ölkənin rəhbərliyi, Milli Olimpiya Komitəsi və nazirlikləri tərəfindən deyil, həm də vətəndaşları tərəfindən dəstəklənir. Bu, çox müsbət haldır. Dəstək və müsbət rəy olmadan heç bir beynəlxalq tədbirin keçirilməsi mümkün deyildir. Bu ictimai rəyi daha da möhkəmləndirmək olar. Denis Krujkov qeyd edib ki, indi Azərbaycanda olimpiya təhsili təşkilatının dünya təcrübəsini öyrənib, bu sahədə böyük biliklərə yiyələnmiş, gözləri Olimpdən od almış 40 gənc var.

D.Krujkov olimpiya təhsilindən bəhs edərkən Bakıda keçiriləcək oyunların təşkilat komitəsinə bu bölməni öz saytına əlavə etmək məsələsini nəzərdən keçirməyi arzulayıb. Azərbaycanda bir çox böyük idmançılar var və gəncləri onların nümunəsi əsasında tərbiyə etmək olar. Özü də 1996-cı ildən deyil, daha qədimdən başlamaq lazımdır. Respublikanın ərazisində yunan məskənləri olmuşdur və yəqin ki, onların ulu babaları qədim Olimpiya Oyunlarında iştirak ediblər.

O bildirib ki, SSRİ yığmasının tərkibində Azərbaycan idmançılarının çıxışları da tarixdir və onu ictimaiyyətə çatdırmaq lazımdır. Bu, təkcə saytın deyil, həm də Azərbaycanın bütün olimpiya təhsili sisteminin xeyrinədir.

Vitse-prezident daha bir məqamı – yarışların təşkilində könüllülərin roluna diqqəti cəlb edib: "Minlərlə hərbi qulluqçu və ya polis könüllü formasını geyinə bilər, amma bu, ən yaxşı çıxış yolu deyildir. Oyunların daha cəlbedici olması üçün könüllülər adi insanlardan – tələbələr, sıravi vətəndaşlar və pensiyaçılardan ibarət olmalıdır. Ən başlıcası budur ki, onların gözlərində olimpiya odu alovlansın. Bu insanları seçmək, hazırlamaq və həvəsləndirmək lazımdır. Bu, çox zəhmət tələb edən işdir və bu işə mümkün qədər tez başlamaq lazımdır. Əlbəttə, könüllülər müxtəlif ölkələrdən olmalıdır".

2014-cü ildə Soçi şəhərində keçiriləcək XXII Olimpiya Qış Oyunlarının və XI Paralimpiya Qış Oyunlarının təmin edilməsi üçün məsuliyyət daşıyan 26 könüllü mərkəzindən birinin direktoru kimi D.Krujkov bu sahədə təşkilatçılıq təcrübəsini Rusiyada, Krasnodar diyarında bölüşüb. O, gənclər təşkilatlarının fəallarına öz qüvvələrini Soçidə sınaqdan çıxarmağı təklif edib. "Soçi-2014" Oyunlarının rəsmi könüllü yığımı başa çatsa da, Azərbaycanın Milli Olimpiya Komitəsi Gənclər və İdman Nazirliyi ilə birlikdə "Soçi-2014" Olimpiya Oyunlarının təşkilat komitəsinə rəsmi sorğu ilə müraciət etsə, bu, mümkün ola bilər.

Vitse-prezident deyib ki, o, 2015-ci ildə Bakıda I Avropa Oyunları kimi böyük idman hadisəsinin həyata keçirilməsinə kömək göstərməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə