Bəzi saytlarda Lənkəranda "park əməliyyatı" sərlövhəli yazı dərc edilib. SİA xəbər verir ki, məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti açıqlama yayıb. Bildirilir ki, Lənkəran şəhərində "Veteranlar bağı" yoxdur. Göstərdiyiniz foto şəkillər isə Milli Qəhrəman Əsgər Əliyev adına mədəniyyət və istirarət parkının qarşısından keçən Şirəli Axundov küçəsinin səkisidir. Şəhərin həmin hissəsində minlərlə sakin və şəhər 4 saylı tam orta məktəbinin şagird və müəllimləri üçün ən əlverişli gediş-gəliş yolu olan səki 5-6 il bundan əvvəl təmir olunmuşdur. Lakin həmin səkiyə düzülmüş üzlüklərin çoxu sınıb sıradan çıxdığından yenidən əsaslı təmirə ehtiyacı nəzərə alınaraq bu iş həyata keçirilir. Digər tərəfdən naməlum mənbəələrə əsaslaraq yaydığınız məlumatda iddia olunur ki, guya bu yaxınlarda ayrılmış 3 milyon manatın silinməsi üçün təkcə Veteranlar bağı deyil, digər parkların da təmirə dayandırılması nəzərdə tutulub.
Əvvələn hər bir sağlam düşüncəli insan bilir ki, ölkəmizdə hər bir şəhərin, hər bir rayonun sosial-iqtisadi inkişafı ilə bağlı ölkə başçısının imzaladığı sərəncama əsasən vəsait ayrılır və həmin sərəncam barədə kütləvi informasiya vasitələri ilə dərhal ətraflı məlumat yayılır.
Bu məlum həqiqəti bilə-bilə özünü ciddi xəbər portalı sayan JAM.AZ saytının hansısa naməlum mənbəəyə əsaslanaraq heç kimin görmədiyi, eşitmədiyi sərəncamla 3 milyon manat vəsaitin ayrılması baradə uydurma məlumat yaymasını anlamaq olmur. Görəsən burada məqsəd nədir, Lənkəranda əhalinin böyük razılıq hissi ilə qarşıladığı quruculuq işlərinə, yeniliklərə kölgə salmaq, yoxsa nəyin bahasına olursa-olsun gündəm də qalmaq üçün ucuz sensasiya yaratmaq? Nə qədər acı da olsa, deməliyik ki, bunların heç biri vicdana sığışmır. Lənkəranda görülən işlər göz önündədir. Bu bir reallıqdır. Sizin də bu reallığa alışmağınızı tövsiyyə edirik.
Bir daha bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin hər bir guşəsi kimi Lənkəran rayonunun da sosial-iqtisadi inkişafını daha da sürətləndirmək məqsədilə ayrılan vəsaitlər tamamilə şəffaf şəkildə abadlıq-quruculuq işlərinə sərf olunur. Cənab Prezidentin və şəhər İcra hakimiyyətinin nəzarəti altında görülən bu işləri vətəndaşlar böyük razılıqla qarşılayır və ölkə başçısına dərin minnətdarlarını bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB