IDEA Kampaniyası insanları kimsəsiz heyvanları qorumağa səsləyir

IDEA Kampaniyası insanları kimsəsiz heyvanları qorumağa səsləyir

Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (International Dialogue for Environmental Action) insanları kimsəsiz heyvanların müdafiəsinə səsləmək məqsədilə "Şəhər biosenozlarının qorunması" mövzusunda elmi seminar təşkil edib.

Seminar hər il avqustun 16-da qeyd edilən Kimsəsiz Heyvanlar Gününə həsr olunub.

İnteraktiv şəkildə təşkil olunmuş seminar Azərbaycan Oriontoloji Cəmiyyətinin sədri, biologiya elmləri üzrə fəlsəfə doktoru Elçin Sultanovun ekspertliyi ilə keçirilib.

Seminarda qeyd olunmuşdur ki, hər il dünyada 5-7 milyon heyvan kimsəsiz heyvanlar üçün nəzərdə tutulmuş sığınacaqlara yerləşdirilir. Bu cür tədbirlərin görülməsinə baxmayaraq, hər il 3-4 milyon kimsəsiz it və pişik məhv olur. Bu cür itkilərdən bəşəriyyətə çox böyük ziyan dəyir.

Ekoloji mühitin qorunması üzrə regional və beynəlxalq əməkdaşlıq şəbəkəsi yaratmağı özünün əsas məqsədlərindən birinə çevirmiş IDEA Kampaniyası dünyada bitki və heyvan növlərinin qorunması istiqamətində insanları daha diqqətli olmağa, bioloji balansın əhəmiyyətini anlamağa və onu qoruyub saxlamağa səsləyir.

IDEA- Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (International Dialogue for Environmental Action) 2011-ci il iyulun 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən başladılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə