Millət vəkili Iğdıra səfər edib FOTO

Millət vəkili Iğdıra səfər edib FOTO

Türkiyənin Iğdır vilayətində səfərdə olan millət vəkili Qənirə Paşayeva Iğdır Ticarət və Sənaye Odası başqanı Kamil Arslan və heyət üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili, Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, İğdırın da Azərbaycan bölgələrindən biri ilə qardaşlaşmasının önəmini vurğulayıb.

Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu deyən Iğdır Ticarət və Sənaye Odası başqanı Kamil Arslan Iğdırla Azərbaycanın müxtəlif bölgələri arasında əlaqələrin, iş birliyinin, iqtisadi və ticari əməkdaşlığın daha da artmasında maraqlı olduqlarını bildirib. Azərbaycanın bu gün dünyanın müxtəlif ölkələrinə, o cümlədən Türkiyəyə sərmayələr qoyduğunu deyən Kamil Arslan, azərbaycanlı iş adamlarının Iğdıra sərmayə qoymalarının və burada daha geniş fəaliyyət göstərmələrinin önəmini də qeyd edib.

Millət vəkili Qənirə Paşayeva Iğdıra səfəri çərçivəsində eyni zamanda Iğdır Genç Girişimçiler Kurulu başqanı Nizamettin Taşbağ və heyət üzvləri ilə görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə millət vəkili Qənirə Paşayevaya İğdır Genç Girişimçiler Kurulu tərəfindən Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinə və Iğdırın tanıtımına göstərmiş olduğu dəstəyə görə plaket təqdim edilib. Mükafata görə minnətdarlığını bildirən millət vəkili Qənirə Paşayeva bundan sonra da bu istiqamətdə öz fəaliyyətini davam etdirəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə