Astaranın İcra başçısı növbəti görüşünü Siyaku kəndində keçirib FOTO

Astaranın İcra başçısı növbəti görüşünü Siyaku kəndində keçirib FOTO

Avqustun 15-də Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku ərazi nümayəndəliyinin Siyakeş, Şağlazüzə, Həsın və Şıxəməhəllə kəndlərinin sakinləri ilə görüş keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Siyaku inzibati ərazi dairəsi üzrə nümayəndə Xanəhməd Zahirov çıxış edərək yaşayış məntəqələri haqqında məlumat verib. Bildirib ki, Siyakeş kəndində 92 təsərrüfatda 488 nəfər, Şağlazüzə kəndində 52 təsərrüfatda 275 nəfər, Həsın kəndində 73 təsərrüfatda 388 nəfər, Şıxəməhəllə kəndində 56 təsərrüfatda 297 nəfər, cəmi 273 təsərrüfatda 1448 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, arıçılıq və heyvandarlıqdır.

Sakinlərdən İmaməddin Fətəliyev, Mirzəqulu Mahmudov, Süleyman Zahirov, Saleh Mahmudov və başqaları çıxış edərək ən ucqar ərazidə yerləşən və əhalisi az olan yaşayış məntəqələrinin sakinləri ilə görüşə gəldiyinə görə icra başçısına təşəkkür və minnətdarlıqlarını ifadə etmiş, elektrik xətt təsərrüfatında mövcud problemlər, qaz xətti çəkilişinin vacibliyi, odun yanacağı ilə təminata köməklik göstərilməsi barədə təklif və qeydlərini bildiriblər.

Digər sakinlər də çıxışlarında prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində ölkədə və rayonumuzda aparılan geniş abadlıq və quruculuq işlərindən məhəbbətlə söhbət açmış, qarşıdan gələn prezident seçkilərində alternativsiz və ən layiqli namizəd olan ilham Əliyevə səs verəcəklərini inamla bildiriblər.

Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev çıxış edərək bu görüşdən məmnun olduğunu, qaldırılan məsələlərin həlli istiqamətində qısa müddətdə konkret və əməli tədbirlərin görüləcəyini bildirib. Əlavə edib ki, son dövrdə ölkənin hər yerində olduğu kimi rayonda və hətta ən ucqar yaşayış məntəqələrində belə quruculuq və abadlıq işləri geniş vüsət alıb. Şəhər, qəsəbə və kəndlərdə görülən çoxmiqyaslı işlər-küçə və parkların abadlaşdırılması, yeni işıqlandırma sisteminin qurulması, yolların asfaltlaşdırılması, təbii qaz xətlərinin əsaslı təmiri və çəkilişi, elektrik təsərrüfatının yeniləşdirilməsi istiqamətində aparılan işlər yalnız və yalnız əhalinin xoş güzəranının təmin edilməsi, rifah halının yaxşılaşdırılmasına xidmət edir. Təkcə bunu demək kifayətdir ki, Siyaku kənd ərazi nümayəndəliyində artıq bütün məktəblər üçün yeni binalar tikilmiş, müasir avadanlıqlarla təmin olunub. Miki, Rinə, Şağlazüzə tam orta, Marzəsəy kənd ümumi orta məktəblərindən sonra Siyaku və Vaqo kənd tam orta məktəbləri də sentyabr ayında yeni binalarda şagirdləri qəbul edəcəklər. Siyaku-Rinə yolunun yüksək tələblər səviyyəsində asfaltlaşdırılması doğrudan da yerli əhalinin böyük sevincinə səbəb olub. Gələcəkdə bu işlər daha geniş miqyasda davam edəcəkdir. Sonda İcra başçısı bildirib ki, astaralılar möhtərəm Prezidentimizin bütün fəaliyyətini dəstəkləyir, onun ətrafında sıx birləşdiklərini əməli işləri ilə sübut edirlər. İnanıram ki, bu birlik, bu inam xalqımızın xoşbəxtliyinin əbədi təminatçısına çevriləcəkdir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə