DSX Akademiyasında yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

DSX Akademiyasında yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bu gün Dövlət Sərhəd Xidmətinin Akademiyasında Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 94-cü ildönümü münasibətilə elan olunmuş yaradıcılıq müsabiqələri qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə rəssamlar, yazıçılar, müsabiqə iştirakçıları və media nümayəndələri iştirak ediblər

Mərasimi giriş sözü ilə açan Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev söyləyib ki, müsabiqədə ölkəmizin şairləri, yazıçıları, rəssamlar, sərhədçi gizir və zabit heyəti iştirak edib: "Müsabiqədə 700-dən çox insan iştirak edib və bütün əsərlər mütəxəssislər tərəfindən yoxlanılıb".

Çıxış edən şair Fikrət Qoca müsabiqəni təşkil etdiyinə görə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib: "Ölkəmizin çoxsaylı vətəndaşlarının öz yaradıcılıq duyğularını sərhədlərimizə, sərhəd mövzusuna yönəltməsi yüksək qiymətə layiqdir".

Daha sonra müsabiqə qalibləri çıxış edərək ölkəmizdə yaradıcılıq üçün əlverişli mühitin mövcud olduğunu, mədəniyyət sahəsinə həmişə xüsusi diqqət ayrıldığını, sənət adamlarına qayğı ilə yanaşıldığını, onların əməyinin yüksək qiymətləndirildiyini deyiblər.

Hər sahə üzrə I, II və III yer ilə yanaşı həvəsləndirici mükafatlar da daxil olmaqla ümumilikdə 35 nəfər pul və diplomla mükafatlandırılıb. Sonra mərasim iştirakçıları qaliblərin rəsm işlərinin sərgisi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə