“Tariximizi öyrənək, irsimizi qoruyaq!” layihəsinə start verilib FOTOLAR
"Bakı Gənclər Klubu" İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Tariximizi öyrənək, irsimizi qoruyaq!" adlı layihəsinə start verib. ARGTMŞ-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, layihənin məqsədi - gənc nəslin qədim Qafqaz Albaniyasının tarixinə, mədəniyyətinə və ümumiyyətlə milli irsimizə marağını artırmaq, gənclər arasında qədim alban tarixini, mədəniyyətini təbliğ etmək və əldə olunan bütün qiymətli, maraqlı tarixi məlumatları, foto şəkilləri foto-sərgilərdə, əyani çap vəsaitlərində əks etdirməkdir. Gələcəkdə həmin vəsaitləri tək Azərbaycan daxilində deyil, həmçinin, beynəlxalq ictimaiyyətdə yaymaq nəzərdə tutulub.
Açılış nitqində Birliyin sədri Azər Cavadov layihənin məqsədi və mahiyyəti haqqında məlumat verərək qeyd edib ki, Qafqaz Albaniyasının tarixi Azərbaycan tarixini öyrənmək nöqtəyi-nəzərdən son dərəcə aktual bir mövzudur. Çünki, Azərbaycan tarixində mühüm yer tutmuş Qafqaz Albaniyası bir çox cəhətdən – sosial, iqtisadi, siyasi,dini-ideoloji, mədəniyyət, tarixi və coğrafi, Azərbaycan xalqının etnogenezi problemi baxımından mühüm əhəmiyyətə malikdir.
Avqustun 12-31-dək davam edən sayca III-cü və IV-cü yay düşərgələri Şəki şəhəri "Cənnət Bağı" İstirahət mərkəzində həyata keçirilir. Layihədə 140-dan artıq Bakı Dövlət Universiteti Tarix fakultəsinin və universitetlərin tariximizə maraq göstərən tələbələri iştirak edir. Layihə çərçivəsində, Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala, Balakən – bir sözlə, Azərbaycan Respublikasının şimal-qərb bölgəsində yerləşən Qafqaz Albaniyası dövrünə aid tarixi məkanlara səfərlər təşkil olunacaqdır.
Qeyd edək ki, "Bakı Gənclər Klubu" İctimai Birliyi 1994-cü ildən fəaliyyət göstərməkdədir. Birlik Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və "GUAM Dövlətləri Gənclər Təşkilatları Forumu"nun təsisçisi və fəal üzvlərindən biridir. Təşkilat yarandığı gündən etibarən, ölkənin sosial həyatında əks-səda doğuran bir sıra uğurlu layihələr həyata keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB