Azərbaycan-Rusiya münasibətləri strateji müttəfiq müstəvisinə yüksəlir
Məlum olduğu kimi Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfərə gəldi və getdi. Səfər zamanı iki ölkənin hökümətləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinə tövhələrini verəcək müqavilələr imzalanmışdır. Söhbət etdiyimiz müsahiblərimiz Putinin Azərbaycana səfərini yüksək qiymətləndirib, Rusiya Azərbaycan əlaqələrinin inkişafı baxımından səfərin xüsusi önəm daşıdığını qeyd etdilər.
Millət vəkili Musa Qasımlı:
- Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Səfər zamanı imzalanan sənədlərin əhatə dairəsi etibarı ilə iki ölkə arasında münasibətlərdə yeni imkanlar yaradacaq. Xüsusən Putinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair söylədiyi fikirləri regionda sülhün qorunması baxımından əhəmiyyətli hesab edirəm. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya təcavüzkar Ermənistana təziq etməli, ədalətli mövqe tutmalıdır. Çünki təcavüzkar Ermənistanın yanında olmaq Rusiya hökümətinin nüfuzuna hörmətsizlikdən başqa bir şey gətirməz. Səfər bir daha göstərdiki Rusiya xarici siyasətində Azərbaycana böyük yer verir.
Millət vəkili Aydın Mirzəzadə:
- İlk öncə onu qeyd etmək istərdim ki, Rusiya ilə ölkəmiz arasındakı münasibətlər hər zaman prioritet məsələlərdən olmuşdur. Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri ikitərəfli əlaqələri gücləndirməyə şərait yaradacaq. Azərbaycan Rusiya üçün çox ciddi bir tərəfdaş, eyni zamanda maraq doğuran bir ölkədir. Çünki regionla əlaqə üçün Azərbaycan böyük bir açar rolunu oynamaqdadır. Ona görə də, iki dövlət arasında əlaqələrin gücləndirilməsi, inkişaf etdirilməsi və yüksək səviyyəyə çatdırılması əlbəttə ki, Ermənistanda böyük qıcıq doğurur. Ancaq birmənalı şəkildə demək olar ki, Ermənistanın hansı mövqe tutmasından asılı olmayaraq, Rusiya Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlıdır. Rusiyanın Ermənistanla əlaqələrinə gəldikdə isə, bu gün Ermənistanın apardığı siyasət onun kiçik qardaş statusunda qalmasına, siyasi və iqtisadi cəhətdən zəifləməsinə, ən əsası isə bir dövlət kimi dünya siyasi xəritəsindən silinməsinə gətirib çıxaracaq Azərbaycanın artan hərbi qüdrəti, bu gün beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın dəstəklənməsi Ermənistanda bir gün Azərbaycanın məsələni hərbi yolla həll etməsi qorxusu yaradır. Rusiya ilə münasibətlərin güclənməsi isə bu qorxunu daha da artırır.
Millət vəkili, politoloq Zahid Oruc:
- Çoxdandır gözlənilən Rusiya przidenti Vladimir Putinin Azərbaycana səfərinin gerçəkləşməsi iki dövlətin münasibətlərinə müsbət təsir göstərəcəkdir. Bu illər ərzində iki dövlətin əlaqələrinin mühüm iqtisadi bazası yaradılıb. Hər birimizə məlumdur bu ölkənin beynəlxalq arenada özünəməxsus yeri və rolu var. Qlobal maraqları olan Rusiya ilə Azərbaycan arasında hər zaman hərtərəfli müsbət əməkdaşlıq formatı mövcuddur. Amma hər zaman bu iki dövlətin münasibətlərinə zərbə endirmək istəyən dairələr hər zaman çox olubdur. Müxtəlif siyasi dönəmlərdə Putinin prezidentliyindən özlərinin maraqları üçün yararlanmağa xidmət edən dairə və düşərgə təmsilçiləri meydana çıxmışdır. Dövlətimizin Rusiya ilə hərbi əlaqələri daim irəlləməkdədir. Humanitar müstəvidə, iqtisadi əməkdaşlıqda heç bir maraqları ifadə etməyən gerçək addımlar atılır. Vladimir Putinin səfəri daxildə illərdir özlərini liberal ideologiya sahibi kimi aparanlara öz mesajını vermiş oldu. Ümüd edirəm ki, iki dövlət arasında münasibət yeni müstəvidə irəlləyəcək, inkişaf edəcək.
Elman Nəsirli, siyasi elmlər doktoru, politoloq:
- Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin daha yüksək səviyyədə inkişaf etməsinə səbəb olacaqdır. Eyni zamanda, Rusiya dövləti Azərbaycanın bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində iştirak edən ATƏT-in Minsk Qrupunu əsas üzvülərindəndir. Bu baxımdan, Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfər etməsinin çox böyük siyasi, iqtisadi və geopolitik əhəmiyyəti var. Bu səfər çərçivəsində çox böyük əhəmiyyət kəsb edən sənədlər imzalandı. Bu da iki dövlət
arasında münasibətlərin daha da yüksək səviyyədə inkişaf etməsinə gətirib çıxaracaq. Ümumiyyətlə, hər zaman Rusiya və Azərbaycan dövlətləri arasında dostluq münasibətləri olub və olacaqda. Çünki Rusiya bizim qonşu dövlətlərmizdən biridir. Bir sözlə, Vladimir Putinin Azərbaycana səfəri bir daha təsdiq etdi ki, Azərbaycan və Rusiya dövlətlərinin münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Yəni, Rusiya prezidentinin ölkəmizə bu dəfəki səfəri gələcəkdə münasbətlərin növbəti dəfə inkişafı üçün bir çox yeni imkanlara yol açacaqdır.
Poliloloq Cümşüd Nuriyev:
- Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı bağlanmış müqavilələr əsasən iqtisadi və humanitar sahələri əhatə edir. Azərbaycan öz resurslarından Rusiya ilə birgə istifadə haqqında, fövqəladə hallar haqqında, nəqliyyat sahəsi haqqında razılaşmalar əldə olunub və ümumilikdə Azərbaycanın Rusiya ilə münasibətlərinin yeni müstəvidə müzakirəsi ilə bağlı məsələlər gündəmdə olub. Eyni zamanda, prezidentlər arasında konfedensial danışıqlar nəticəsində əldə olunan razılıqlar yaxın zamanlarda özün nəticəsini göstərəcək. Amma bütün hallarda son 7 il ərzində Azərbaycan – Rusiya münasibətlərində yumuşaq dildə desək bəzi xoşagəlməz halların aradan qaldırıldığına tamamilə əmin olmaq olar və bu Azərbaycan – Rusiya münasibətlərinin tarixində yeni səhifənin başlanğıcıdır.
Bu gün Ermənistanın bütün saytları nəinki narahatçılıq keçirir, hətta V.Putini ermənilərin maraqlarını satmaqda ittiham edirlər. Onlar ona görə narahatçılıq keçirlər ki, Azərbaycan birincisi Qafqazın açar dövlətidir, ikincisi Azərbaycanın əldə etdiyi nailiyyətlərlə qonşu dövlətlər razılaşırlar, üçüncüsü, Azərbaycanın haqq işinin nəticələri artıq özünü göstərir. Azərbaycanın yürütdüyü xarici siyasət müsbət nəticələrini verir. Eyni zamanda Rusiyanın Azərbaycanla hesablaşmaq məsələsi Ermənistanı çox narahat edir. Əvvəllər Azərbaycan ancaq balanslaşdırılmış siyasət yürüdürdüsə, indi artıq Azərbaycan birmənalı şəkildə öz dövlət maraqlarına uyğun siyasət yürüdür və bundan kimlərinsə narahat olması Azərbaycanı maraqlandırmır. Çünki Azərbaycan öz maraqlarını güdür və bu maraqlar içərisində də təbii ki, Ermənistanın heç bir marağı yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir və bunu da tezliklə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB