Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Qəbələdə "Qafqaz Karvansaray" otel kompleksinin açılışında iştirak edib. SİA-nın məlumatına görə, dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, təkcə Qəbələ rayonu deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu kompleks mükəmməl infrastruktura malikdir. Kompleksin təchizatı da ən müasir standartlara uyğundur. Otel 5 hektar sahədə inşa edilib. Tikinti işlərinə 2012-ci ilin mayında başlanıb, bu ilin avqustunda başa çatdırılıb. Yüksək xidmətin göstəriləcəyi bu kompleks, eyni zamanda, nadir memarlıq incilərindən biridir.
Bildirilib ki, avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunub. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bundan başqa, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilən respublikamızda turizmin inkişafı da sürətlənir. Bu və digər reallıqlar ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir.
Hazırda Azərbaycan dövləti bu baxımdan kompleks tədbirlər reallaşdırır. "Qafqaz Karvansaray" otel kompleksi də həmin istiqamətdə atılan əsaslı addımlardan biridir. Dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində inşa olunub. Otelin zirzəmi hissəsində 44 yerlik avtomobil qarajı, camaşırxana, hovuz və digər yardımçı otaqlar var. "Karvansaray" otel kompleksi 139 super otaq, 12 ailəvi otaq, 6 kral otağı və 2 əlillər üçün otaq olmaqla 159 otaqdan ibarətdir. Oteldə, həmçinin qapalı üzgüçülük hovuzu, kişi və qadınlar üçün bərbərxana və gözəllik salonları, iki türk hamamı, iki buxar hamamı, iki SPA, iki trenajor zalı, bilyard və tennis zalları, iki sauna və massaj otaqları var. Kompleksdə 150 nəfərlik restoran, ayrı-ayrılıqda 100 və 12 nəfərlik iclas və konfranslar keçirmək üçün zallar və uşaqların istirahət otaqları fəaliyyət göstərir.
Turizm kompleksi mərkəzi kondisioner və istilik sistemi ilə tam təchiz olunub. Bundan başqa, oteldə 3 fontan quraşdırılmış, ətrafında istirahət üçün yerlər yaradılıb. Həmçinin kompleksin ərazisi tam abadlaşdırılıb, yaşıllıq sahəsi salınıb, dekorativ ağaclar əkilmiş və 1 fəvvarə quraşdırılıb.
"Qafqaz Karvansaray" oteldə 120 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub. Mükəmməl infrastruktura malik kompleks ən müasir avadanlıqla təchiz edilib. Gözəl dizayn və interyeri ilə seçilən otaqlarda son dövrdə böyük turist axını müşahidə edilən Qəbələnin qonaqlarına yüksək səviyyəli xidmət göstəriləcək. Bildirilib ki, "Qafqaz Karvansaray" otelinin istifadəyə verilməsi bölgəyə gələn turistlərin sayına da müsbət təsirini göstərəcək.
Otellə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB