“Şahinlər” yay istirahət düşərgəsi başa çatıb

Quba Özəl Türk Liseyində təşkil olunmuş “Şahinlər” yay istirahət düşərgəsi başa çatıb
“Şahinlər” yay istirahət düşərgəsi başa çatıb

Quba Özəl Türk Liseyinin ərazisində Səbail rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunları və Quba rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan, həmçinin "SOS-Azərbaycan" Uşaq Kəndində və Quba rayonu Zərdabi qəsəbəsində yerləşən Xüsusi Ümumtəhsil İnternat Məktəbində tərbiyə alan 230 nəfər uşaq üçün təşkil olunmuş ödənişsiz hərbi-vətənpərvərlik "Şahinlər" yay istirahət düşərgəsi başa çatıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Qubada düşərgənin başa çatması münasibətilə geniş tədbir keçirilib. Tədbirdə Bakı Şəhər Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Daxili Qoşunların Qərargah rəisinin I müavini general-mayor Şahin Məmmədov, "Çağ" Öyrətim işlətmələri İdarə Heyətinin sədri Enver Özeren, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramova, Quba rayon İcra Hakimiyyəti başçısının müavini Sonaxanım Əkbərova və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları uşaqların istirahəti, burada onlar üçün hazırlanmış şəraitlə yaxından tanış olublar. Düşərgənin rəisi Faiq Qurbanov qonaqlara düşərgə haqqında ətraflı məlumat verib. Tədbirdə çıxış edən natiqlər böyüməkdə olan gənc nəslin yay istirahətlərinin mənalı və səmərəli təşkil edilməsi, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi istiqamətində xüsusi əhəmiyyəti olmasından danışaraq, gələcəkdə də uşaqların hərbi xidmətə layiqincə hazırlaşması məqsədi ilə belə düşərgələrin təşkil edilməsinin vacibliyini bildiriblər.

Qeyd edək ki, təşkil olunmuş düşərgədə şagirdlər üçün hərbi-səhra çadırı qurulub, səhra mətbəxi yerləşdirilib. Bununla yanaşı həyətdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, Milli Qəhrəman Mübariz İbrahimovun, Daxili Qoşunların fəaliyyətinə və bu il 6-cı dəfə təşkil olunan "Şahinlər" hərbi düşərgənin tarixinə həsr olunmuş stendlər asılıb. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan edib. İki həftə davam edən yay istirahət düşərgəsi zamanı uşaqlar Qubanın görməli yerlərinə, rayonun tarixi guşələrinə, o cümlədən Quba şəhərində kütləvi məzarlığa gəzintiləri təşkil olunub. İstirahətin 1-ci günü Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilib. Məktəblilər Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində şəxsi heyətin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olub, xüsusi təyinatlı bölüyün məşğələlərinə qatılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə