TÜRKPA Baş Katibi Türkdilli Dövlət başçılarının Sammitində iştirak edəcək

TÜRKPA Baş Katibi Türkdilli Dövlət başçılarının Sammitində iştirak edəcək

TÜRKPA Baş Katibi Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 15-16 avqust 2013-cü il tarixlərində Qəbələ şəhərində keçiriləcək III Zirvə toplantısında iştirak edəcək. TÜRKPA-dan SİA-ya verilən məlumata görə, sammit çərçivəsində 15 avqust tarixində Türk Konseyi üzv ölkələri Xarici İşlər Nazirlərinin, 16 avqust tarixində isə Dövlət Başçılarının görüşü baş tutacaq.

Eyni zamanda, toplantı əsnasında TÜRKPA Baş Katibi Ramil Həsənovun TÜRKPA-nın 5-ci ildönümü və diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar çıxışı da gözlənilir. Sammit çərçivəsində TÜRKPA Baş Katibinin Türk Konseyinin Baş Katibi Halil Akıncı və TÜRKSOY Baş Katibi cənab Düsen Kaseynovla ikitərəfli görüşləri nəzərdə tutulub.

Həmçinin Zirvə toplantısında Xarici İşlər Nazirləri arasında işbirliyi protokolunun imzalanması da planlaşdırılır. Eyni zamanda 16 avqust tarixində sammitdə qəbul olunan qərarların açıqlanacağı media toplantısı da gerçəkləşdiriləcək.

Qeyd edək ki, görüşdə TÜRKPA Baş Katibini Baş Katibin müavinləri Mels Semqaliyev, Kürşad Melih Sarıarslan və Beynəlxalq Əlaqələr Komissiyasının katibi cənab Emin Həsənov müşayiət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə