Ön cəbhədə Ramazan bayramı belə qeyd olundu

Ön cəbhədə Ramazan bayramı belə qeyd olundu

Millət vəkili Qənirə Paşayeva Ramazan bayramı münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən "N" saylı hərbi hissədə əsgərlərlə görüş keçirib. SİA-nın xəbərinə görə, əsgər və zabitlər qarşısında çıxış edən millət vəkili onları Ramazan bayramı münasibətilə təbrik edib. Ramazan ayının hikmətlərindən danışan millət vəkili hər bir əsgər və hərbçimizə arzularına çatmalarını diləyib: "Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq. İnşallah, gələn il Ramazan bayramını işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Şuşamızda və işğal altında olan digər gözəl bölgələrimizdə qeyd edək. Mən əminəm ki, biz bunu edəcəyik".

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da əsgər və zabitlərimizi bayram münasibəti ilə təbrik edib. Daha sonra qonaqlar xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr verib, Qənirə Paşayevanın müəllifi olduğu kitabları təqdim edib.

Sonra hərbi hissənin rəhbəri polkovnik Mais Bərxudarov çıxış edib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.

Millət vəkili Qənirə Paşayeva və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov əsgərlərlə nahar ediblər.

Sonda tədbir bədii hissə və Azərbaycanın əməkdar artisti Elza Seyidcahan və istedadlı gənc sənətçi Əbdül Xalidin iştirakı ilə konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə