Azərbaycan coğrafi baxımdan Avropa qitəsinə aid olacaq

Azərbaycan coğrafi baxımdan Avropa qitəsinə aid olacaq

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun alimləri Avropa və Asiyanı bölən sərhəd xəttinə dair yeni təklif irəli sürüb. SİA-nın məlumatına görə, təklif qəbul olunarsa Azərbaycan coğrafi baxımdan Avropa qitəsinə aid olacaq.

Sərhəd Qara dənizdə movcud xəttdən başlayaraq, Böyük Qafqaz sıra dağları suayırıcısı, Dübrar və Kəmçi dağları və Abşeron yarımadasının şimal hissəsindən keçərək Xəzərə daxil olur. Oradan isə Rusiya və Qazaxstan alimlərinin təklif etdiyi xəttə birləşərək Qazaxıstanın Magistau yarımadasından keçir, Ural dağlarının şərq ətəkləri boyu uzanaraq Şimal Buzlu okeandakı mövcud sərhədə birləşir. Ölkəmizdən keçməsi nəzərdə tutulan sərhəd zolağı Azərbaycan Coğrafiya Cəmiyyəti ilə birgə beynəlxalq qaydalara uyğun müəyyənləşdirilib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov bildirir ki, 1964-cü ildə Avropa ilə Asiyanın cənub sərhədi müəyyənləşdirilərkən qəbul edilən beynəlxalq elmi-coğrafi əsaslı qaydalara əməl olunmamışdır. Böyük Qafqaz sıra dağlarının suayırıcısı və digər təbii-coğrafi amillər nəzərə alınmamış, sərhəd əsassız olaraq şimala sürüşdürülərək Kuma-Manıç çökəkliyinin mərkəzindən keçirilib.

Bu gün Coğrafiya İnstitutunun mütəxəssisləri Fatmai kəndi və Xızı rayonunun Altıağac qəsəbəsi yaxınlığında sərhədin rəmzi göstəricisi olan lövhələr quraşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə