11 bir ayın Sultanı – Ramazan bayramı münasibəti ilə, öncə bütün inanclı insanları, xalqımızı təbrik edir, bu mübarək ayda hamıya hüzur arzulayırıq. Bütün müsəlman ölkələrində Ramazan ayı ilə əlaqədar topdan və pərakəndə satış obyektləri, iri şirkətlər endirim kampaniyaları keçirirlər. Bu da əhali üçün əlbəttə ki, səmərəli, məmnunedici olur. Bu da ərzaq bazarında payı olan qurumların vətəndaşlarla həmrəyliyinin bir göstəricisidir. Amma Azərbaycanda bütün bayramlarda ərzaq məhsullarının qiymətində artım olur. SİA bayramqabağı bazarda müşahidə olunan məhsulların qiymətinin artıb-artmamağı ilə bağlı məsələni araşdırmaq üçün Yaşıl bazara üz tutdu. Bazarda bütün növ meyvə və tərəvəzlər var idi. Qiymətlər isə fərqli idi. İnsanların ən çox istifadə etdiyi xiyar-pomidorun qiyməti 1 manat və ya 1.50 qəpik arasında dəyişirdi. Meyvələrə gəlincə isə hərəsinin öz qiyməti var idi. Misal olaraq, mövsümün meyvələrindən olan şaftalının qiyməti 50 qəpik, 1 manat, 1,50 qəpik və ya 2 manat arasında dəyişirdi. Bununla yanaşı, nübar olaraq artıq əncir də satışa çıxarılmışdı. Əncirin qiyməti isə 2 manat idi. Ramazan süfrəsini bəzəyən xurmaların qiyməti isə fərqli idi. Belə ki, yerli xurma 4, ərəb xurması isə 5 manat idi. Xurmalar arasında Tunis xurması da var idi. Qızmar yay günlərində hər bir kəsin evində mütləq şəkildə olan qarpızın qiyməti isə sortundan asılı olaraq 30 və 70 qəpik arasında müəyyənləşirdi.
Satıcılar bazar qiymətində heç bir artımın olmadığını və alıcıların mövcud qiymətlərdən razı olduqlarını dedilər. Bazarda qiymətlərin hər kəsin büdcəsinə uyğun olduğu deyən satıcıların dediklərinə görə, bayramqabağı hər hansı yarmarkaların təşkil olunmasına heç bir ehtiyac yoxdur. Çünki qiymətlər hər ikisində də eynidir. Hətta bəzən bazarlardan yarmarkalara məhsullar aparıldığını deyən satıcılar da oldu. Baxmayaraq ki satıcılar efirə düşməkdən boyun qaçırırdılar, müsahibə verməyə razılıq verən satıcılar da oldu. İlk müsahibimiz Nizami piştaxtasında satılan meyvələrin qiymətinin hər kəsin büdcəsinə uyğun olduğunu dedi.
Onun sözlərinə görə, tək bayramlarda deyil, hər gün qiymətlər ucuzdur: "Malların qiyməti qalxmadığından hər hansı endirim də ola bilməz. Bazarda qiymətlər hətta yarmarkadan da aşağıdır. Əsas olan bazar məhsullarının deyil, ərzaq məhsullarının qiymətinin qalxmamasıdır. Çünki meyvə yeməsək də olar. Lakin çörəksiz bir gün də dayana bilmərik".
Qarpız satan Elçin: "Qarpızların qiymətində heç bir artım yoxdur. Qiymətlər isə 30-40 qəpik arasında dəyişir".
Bir sözlə, bütün satıcılar bazarda qiymətlərin normal olduğunu dedilər.
Alıcılar da satıcılar kimi qiymətlərdən məmnun qaldıqlarını bildirirdilər. Alıcı Afət xanım seçim bol olduğundan, bazardakı qiymətlərin qaneedici olduğunu dilə gətirdi:
"Cibimə uyğun şəkildə məhsul ala bilirəm. Yarmarkaların öz, bazarın isə başqa yeri var. Ancaq təbii ki, yarmarkanın öz üstünlükləri var. Camaat məhsulu kəndlərdən gətirib özü satır, alverçilərə verib, zay etmir"
Alıcı Yusif isə bazarla yarmarkanın eyni qiymətdə olduğunu dedi.
Digər alıcı Məhəmməd də bazarda qiymətlərin çox münasib olduğunu söylədi: "Yarmarkalara da elə bazarlardan alıb aparırlar. Bu gün bazardan 1 manat 50 qəpiyə armud almışam. Halbuki marketlərdə armudun qiyməti 2 manat 50 qəpiyədir".
İndi isə məsələnin rəsmi hissəsinə keçək. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bayram münasibəti ilə ənənəvi yarmarkaların keçiriləcəyini dedi. Onun sözlərinə görə, Nazirlik mütəmadi olaraq Bakı şəhər icra hakimiyyəti ilə birgə şəhərin 7 rayonunda və 9 ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasını həyata keçirir: "Ənənəvi olaraq bayram ərəfəsində nazirlik bayram yarmarkası təşkil edir. Ramazan bayramı münasibəti ilə şənbə və bazar günləri müəyyən olunan yerlərdə yarmarka keçirəcəyik. Həm məhsulun çeşidini artırmaq, həm də qiymətləri əvvəlki günlərə nisbətən daha da aşağı salmaq niyyətindəyik".
Respublikanın 40-45 rayonunun fermerlərinin məhsullarını yarmarkada satışa çıxaracaqlarını deyən nazirlik rəsmisi bildirib ki, ötən həftə olduğu kimi, bu dəfə də 500 tondan artıq məhsulun satışa çıxarılması nəzərdə tutulur: "Yarmarka zamanı həm qiymətlərə, həm də məhsulların keyfiyyətinə nəzarət olunacaq. Sanitar Dövlət Nəzarəti və Dövlət Baytarlıq xidmətinin mütəxəssisləri bu işlərə cəlb olunublar. Bununla bağlı, nazirlik gücləndirilmiş iş rejiminə keçib. Yarmarkalarda ən çox meyvə-tərəvəz, ət və süd məhsulları üstünlük təşkil edəcək. Yarmarkalarda qiymətlərə nəzarət etmək üçün isə nazirliyin işçi qrupları yaradılıb".
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirib ki, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Ramazan bayramı ilə əlaqədar monitorinqlərin keçirilməsini aktivləşdirib: "Dövlət Xidməti Ramazan bayramında qiymətlərin süni şəkildə artırılması faktlarının aşkar olunmasına yönəldilmiş müntəzəm monitorinqlərin keçirilməsini intensivləşdirib. Bazarlarda ərzaq mallarının qiymətlərinin sabit dinamikası saxlanılır və dəyişikliklər qeydə alınmayıb".
Araşdırmamız nəticəsində məlum oldu ki, bayramqabağı bazarlarda heç bir qiymət artımı müşahidə olunmur. Əksinə, qiymətlərdə endirim var. Odur ki, sabah müsəlman əhlinin qeyd edəcəyi Ramazan bayramında süfrəniz ruzili və bərəkətli olması diləyi ilə bayramınız mübarək!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB