Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Beynəlxalq Olimpiya Akademiyasının birgə təşkilatçılığı ilə Yunanıstanda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) 14 fəal üzvünün də iştirak etdiyi Yay Olimpiya Məktəbi davam edir. SİA-ya verilən məlumata görə, avqustun 4-də Qədim Olimpiya şəhərində yerləşən Beynəlxalq Olimpiya Akademiyasında (BOA) məktəbin açılış mərasimi keçirilib. Olimpiya himninin səsləndirilməsi ilə başlayan açılış mərasiminə BOA-nın direktoru Dionissis Gangas və BOA-nın dekanı, Yunanıstandakı Peleponnese Universitetinin vitse-rektoru Konstantinos Georiadis də qatılıb.
Qeyd edək ki, avqustun 4-də Beynəlxalq Olimpiya Akademiyasında Finlandiyadan olan nümayəndə heyəti üçün yay məktəbinin bağlanış mərasimi keçirilib. Azərbaycan gəncləri də həmin mərasimə qatılıblar və Finlandiya nümayəndə heyətinə xatirə hədiyyələri, ATGTİ-nin reallaşdırdığı "Yaşayan tarix" filmi və Azərbaycan musiqilərinin toplandığı "Buta" diski, eyni zamanda "İşıqlı həyat" layihəsinin işıq qaytarıcıları hədiyyə olunub.
4-6 avqust tarixlərində Azərbaycan nümayəndə heyətinə yunan professorlar tərəfindən "Beynəlxalq Olimpiya Akademiyasının 52 illik tarixi", "Qədim Olimpiya oyunlarının tarixi", "Olimpiya ənənələrinin bərpası", "Olimpiya təhsili", "Olimpiya fəlsəfəsi və dəyərləri" mövzusunda seminarlar keçirilib. Avqust ayının 11-dək davam edəcək növbəti seminarlarda isə Rusiya və Kanadadan olan idman professorlarının mühazirələri dinləniləcək.
Qeyd edək ki, məşqçi-müəllimlər, fəal gənclər və könüllüləri üçün təşkil olunan Yay Olimpiya Məktəbinin avqustun 12-də bağlanış mərasiminin keçirilməsi və avqustun 13-də heyətin səfər proqramını başa vuraraq Azərbaycana qayıtması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB