Əflatun Amaşov: "6 avqust tarixi mətbuatımız üçün əlamətdar gündür"

Əflatun Amaşov: "6 avqust tarixi mətbuatımız üçün əlamətdar gündür"

"1998-ci ilin 6 avqust tarixi mətbuatımız üçün əlamətdar gündür. Çünki həmin tarixdə milli mətbuatımızın üzərindən senzura ləğv olunub. Hər bir xalqın ictimai-siyasi fikir tarixində onun mediası, onun nə dərəcədə azad, müstəqil olması, ictimai-siyasi həyata təsir səviyyəsi mühüm rol oynayır". Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Azərbycan mətbuatı tarixinin böyük hissəsini senzura mühitində inkişaf edib. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü çıxmaqla qalan dövrlərdə Azərbaycanda bütün kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, televiziya və radio senzura altında fəaliyyət göstərib.

"Senzuranın ləğvi milli mətbuatın inkişafında dönüş nöqtəsi oldu. 1998-ci ildə mətbuat, KİV üzərindən senzuranın götürülməsi çox böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Müharibə şəraitində olan bir ölkədə belə bir addım heç vaxt təsəvvür edilə bilməzdi. Lakin Ümummilli lider Heydər Əliyev bu cəsarətli addımı atdı və dövlət sirlərini mühafizə edən Baş İdarə ləğv olundu, Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələ başlandı. Bundan sonra da çox ciddi addımlar atıldı: Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, çox ciddi qanunvericilik yarandı, bununla da Azərbaycan mətbuatının inkişafında əsaslı bir dönüş oldu. 1998-ci il 6 avqust Fərmanı ilə ölkəmizdə mətbuatın müstəqil inkişafı təmin edildi"- deyə, MŞ-nin sədri vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə