Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu nərə balıqlarının ehtiyatının artırılması istiqamətində tədqiqatlar aparır. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, alimlər 10 qramlıq nərə balıqlarının çəkisinin 2 il müddətində 2-3 kiloqrama çatdırılmasını planlaşdırır. Nəticədə balıqçılıq təsərrüfatında uğur kimi il ərzində 15-20 ton nərə balığı yetişdirilə bilər.
İşlər Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) maliyyə vəsaiti ilə həyata keçirilir. "Nərə balıqlarının və çox iri ölçülü makrobraxium şirin su krevetlərinin qapalı su təchizatlı qurğularda akvakultura şəraitində intensiv yetişdirilməsi (pilot layihə üçün konsepsiyanın hazırlanması)" adlı layihənin dəyəri 50 min manatdır. Layihənin rəhbəri Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərovdur. O, bildirib ki, layihə çərçivəsində mövzuya dair beynəlxalq konfrans keçiriləcək. "Nərə balıqlarının süni şəraitdə çoxaldılması" adlı tədbirdə Latviya, Almaniya, Rusiya, Türkiyə və Belçikadan dəvət olunacaq alimlər apardıqları elmi-tədqiqatlardan danışacaq, təcrübələrini bölüşəcəklər. Gələn ilin yayında tədqiqatların davam etdirilməsi üçün EİF-ə 1 milyon 500 min manat dəyərində növbəti layihə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB