Hacı Surxay Məmmədli: “Ramazan fəlsəfəsi deyəndə tək mən yox, biz fəlsəfəsi olmalıdır”.
İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədlinin Səs tv – yə müsahibəsi:
- Ramazan bayramı ilə bağlı müsəlman olan hər kəs hansı vacib əməlləri yerinə yetirməlidir?
- Ramazan toplum bir fəlsəfədir. Ramazan ayında tutulan oruc yalnız aclıq demək deyil. Ramazan ayının əsas mahiyyəti insanlığı dərk etmək, yoxsul insanların ehtiyaclarını təmin etməkdən ibarətdir. Bu günlər hər hansı bir adamın sosial problemləri, çətinlikləri və ya bütövlükdə insanlığa aid olan digər narahatçılıqları mövcuddursa məhz Ramazanda insanlar bu qayğını hiss etməli və başqa bir şəxslə bölüşməlidirlər. Ramazan fəlsəfəsi deyəndə tək mən yox, biz fəlsəfəsi olmalıdır. Yəni, Ramazan bayramı və biz. Qurani Kərimdə də Allah Təala buyurur ki, Allahın qırılmaz ipindən yapışın, heç vaxt bir-birinizdən ayrı düşməyin. Ramazan bayramında bir insan olaraq bizim üzərimizə oruc tutmaqla yanaşı, bir neçə ümdə vəzifələr düşür. Artıq Azərbaycanda dövlət səviyyəsində avqustun 8 - i və 9 – u bayram günləri elan olunub. Təbii ki, biz bu iki günü bütün insanlarla bir araya gələrək namazlarda birgə olacaq və insanlara bir məscid olaraq yardım edəcəyik. Ramazan bayramında yetimlər və ehtiyacı olan insanlarla yardımlaşmaq lazımdır. Hətta elə adamlar var ki, onun maddi çətinlikləri yoxdur, sadəcə olaraq sözə ehtiyacı var. Məhz Ramazanda hər bir insanın ruhuna oxşayan gözəl sözlər demək ibadətdir. Bu, Ramazanda önəmli məsələdir. Məhz Ramazan bayramında birinci növbədə ehtiyacı olan insanlara kömək etmək, küsülüləri barışdırmaq, valideynləri ziyarət etmək vacibdir. Hətta hədislərdə var ki, valideyn dünyasını dəyişibsə, qəbristanlıqlara gedib onların qəbrini ziyarət etmək lazımdır. Bunu artıq valideynin də ruhu hiss edir. Rəsulullahın hədisi var ki, bayram günü hər bir insan yaxşı bir əməl edərsə və yaxşı söz danışarsa, Allah onu cənnətlə mükafatlandırar. Bu peyğəmbərimizin bizə olan tövsiyyəsidir. Həmin gün insanlar məsciddə bir araya gəlməlidir, çünki, bayramın fəziləti bizlik fəlsəfəsidir. Təkliyi ümmiyyətlə, Allah qəbul eləmir. Məhz, bayram insanları bir araya gətirmək və toplum yaratmaq deməkdir.
- Fitreyi zəkat necə və hansı miqdarda verilmədir?
- Fitreyi zəkat islamda vacib və yerində dayanan bir hökmdür. Fitreyi zəkatı normal olaraq biz adambaşına 5 manat civarında nəzərdə tutmuşuq. Fitrə zəkatı islamda vacib hökmdə dayanır. Hədislərdə var ki, bir ay boyunca Ramazanda oruc tutan insan fitrə zəkatı verməyibsə o, oruc tutmamış kimi sayılır. Bütünlükdə, bu bayramda fitrə zəkatı çıxardılması önəmlidir və orucun Allah tərəfindən qəbul olunmasına şamildir. Təbii ki, fitrə zəkat maşına və evdə olan əşyalara, həmçinin hamilə qadının bətnindəki övlada düşmür. Əgər bir insan bayram axşamında başqasının evinə qonaq gedibsə, bu baxımdan həmin şəxsin fitrə zəkatı ev sahibinin boynuna düşür. Fitrə zəkatı normalda pulla dəyərləndirilir, çünki pulun vasitəsi ilə insanlar azuqə alır. Bayram əhval-ruhiyyəsi bərabərlik kimi də təqdim olunur. Hər il olduğu kimi, bu il də fitrə zəkatları üçün xüsusi qutular hazırlanacaq. Təbii ki, namazdan sonra - zöhr namazına qədər artıq biz bayram namazını qılandan sonra qutular icma tərəfindən açılacaq. Günortaya qədər müvafiq yerlərə çatdırılacaq. Fitrə zəkatı kifayət qədər tez vermək lazımdır. Fitrə zəkatı insanın bədəninin kəffarəsidir. İnsan bir ay Ramazan boyunca oruc tutursa, bu bədəninin bir illik Allahdan qarant almasıdır.
- Allah üçün tutulan orucun oruc tutan üçün fəzaləti nədən ibarətdir?
- Allah üçün tutulan oruc çox böyük sualdır və böyük önəmi olan məsələdir. Əmməllər niyyətə bağlıdır. Bütün canlıların içində insan ən böyük bir dəyərə malik olduğunu Allah Qurani Kərimdə sübut edir. Sübutu budur ki, Allah Təala buyurur ki, ey insan, bütün şeyləri sənin üçün yaratdım. Bütün gözəlliklər insan üçündür. İnsanı isə Allah Təala özü üçün yaratdı. Çünki, insan gördüyü hər bir işi Allaha bağlamalıdır. Hər bir işi Allaha bağlayırsa, onun kökündə dünya və axirət dayanır. Peyğəmbərimiz buyurur ki, hər bir işi Allaha xatir görün. Gizlində verilən nəfəqələr və ehsanlar aşkar verilənlənlərdən qat-qat üstün dəyərə malikdir. Hətta, Allah Təala bunun savabını birə on yazır. Əgər tutduğumuz bütün əməllər Allaha görə tənzimlənəcəksə, bu , insanın həyatında ruhi inqilaba gətirib çıxaracaq.
- Ehsan və fitrə zəkatın bayram ərəfəsində verilməsinin fərqi nədən ibarətdir?
- Ümumiyyətlə, fitrə zəkatı vacib məsələ və hökmlərdəndir. Amma, ola bilər ki, bir insan bir şəxsin qarnını doyuzduracaq qədər ona ehsan verir. Ehsan sözü məzmunlu bir ifadədir. Ehsan yaxşılıq etmək mənasındadır və ölünün ruhuna hörmət əlamətidir. Ehsan tək qida deyil. Ölünün ruhuna Qurani Kərim oxutdurmaq da ehsandır. Yəni, cismani və mənəvi qida var. Dünyadan gedənimizin adına hər birini edirsənsə, yaxşılıqdır. Bu baxımdan fitrə zəkatı ehsanla qarışdırmaq olmaz. Verilən fitrə zəkatın məbləği 3 kilo buğdanın, 3 kilo xurmanın, yaxud 3 kilo kişmişin dəyəri qədər olmalıdır. Bunu pul şəklində vermək lazımdır. Burada həm ehsan, həm yaxşılıq, həm də allah rizası var. Əgər bir insan desə ki, mən fitrə zəkatı əvəzinə ehsan verirəm, Allah da bunu yaxşılıq adı ilə yazar. Amma, fitrə zəkatı insanın boynunda vacib olaraq qalır. Əgər verməzsə, Allah yolunda günahkar sayılır. Ehsan yaxşılıqdır. Hər bir insan il boyunca ehsan versə, Allah Təala bunu dəyərləndirəcək.
- Bayram namazı hansı gün və hansı saatda qılınacaq?
- Bayram namazı tədbirləri məscidlərimizdə səhər saat 9-dan tez,10-dan gec olmamaq şərtilə yerinə yetirilməlidir. İnsanlar evdən çıxıb dəstəmaz alıb məscidə üz tuturlarsa, təbii ki, biz nəqliyyat məsələləsini nəzərə almalıyıq. Ona görə də, biz bayramı iki gün – avqustun 8-i və 9-da keçirməyi planlaşdırmışıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB