“Ona gedən Yol...”

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB müqəddəs Ramazan Bayramı münasibətilə şəhid ailələri, Milli Qəhrəman ailələri, qaçqın və məcburi köçkünlər və eləcə də musiqisevərlər üçün Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayevanın "Ona gedən Yol..." adlı təsəvvüff konsert proqramını təşkil edir. SİA-nın məlumatına görə, konsert proqramında Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın ruhları oxşayacaq, insanı düşünməyə çağıracaq tasavvuf musiqisi yer alacaq. Konsertdə sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Tünzalə xanīma aid olan yeni mahnı "Qapını aç bu quluna, ey Rəbbim!" ilk dəfə dinləyicilərə təqdim olunacaq. "Qapını aç bu quluna, ey Rəbbim!" hər bir insanı düşünməyə, saflaşmağa, xətalarından tövbə etməyə, özünü və Yaradanı dərk etməyə, Ona gedən Yola səsləyir.

Konsert proqramında Tünzalə xanım Hüseyn Cavid, Mirvarid Dilbazi şeirlərinə yazdığı yeni mahnılarını, böyük Nəsimidən " Dua" və yazdığı bir sıra məşhur əsərlərini və ayrıca türk dünyasında tanınan əsərləri səsləndirəcək. Konsertin xüsusi qonağı dəyərli Xalq Artisti xanəndə Nəzakət Teymurova ilə bir neçə duet isə proqramın parlaq nömrələrindən olacaq.

"Ona gedən Yol..." adlı Ramazan Bayramı konserti inanırıq ki, bütün müsəlmanlar üçün gözəl bir hədiyyə olacaq.

Qeyd edək ki, tədbir 8 avqust tarixində saat 19.00-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə