Məcburi köçkünlər üçün 25 bina tikilir

Məcburi köçkünlər üçün 25 bina tikilir

Gəncə şəhərində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. SİA-nın qərb bürosunun xəbərinə görə, bu məqsədlə Gəncə şəhərində 5 mərtəbəli 25 mənzilli binalar inşa edilir. Ən müasir standartlara cavab verən tikinti işləri çərçivəsində bütün incəliklər nəzərə alınıb. Artıq işlərin əsas hissəsi yekunlaşıb. Belə ki, su və kanalizasiya xətlərinin çəkilişi başa çatdırılıb. Bütün binaların və sosial obyektlərin dam örtükləri vurulub. Qapı və pəncərələr quraşdırılıb. Mənzillərin əksəriyyətində kafel və metlaq işləri bitmək üzrədir. Eyni zamanda binaların fasad hissəsinin üzlənməsi işləri də görülməkdədir. Ayrıca bəzi evlərə artıq divar kağızları da vurulub. Hazırda ərazinin asfalt örtüyü ilə döşənməsinə başlanılıb.

Qeyd edək ki, qəsəbədə qaçqın və məcburi köçkünlərin rahat şəkildə yaşaması üçün bütün lazımı tədbirlər nəzərə alınıb. Yaşayış binaları ilə yanaşı uşaq bağçası, orta məktəb və tibb məntəqəsi də tikilməkdədir. Eyni zamanda əhali içməli su ilə tam təmin olunub. İnşaat işləri üçün ayrılan 25 ha ərazidə elektron ATS və digər sosial obyektlərin inşası da var. Bütün bunlar dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğının bariz nümunələrindən biridir. Təkcə onu deyə bilərik ki qəsəbənin tez bir zamanda istifadəyə verilməsi üçün 3 mindən artıq işçi qüvvəsi çalışır. Qeyd edək ki aparılan işlər ölkə prezidenti İlham Əliyevin "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə" dövlət proqramı çərçivəsində həyata keçirilir. Tikintinin sentyabr və ya oktyabr ayına kimi yekunlaşdırılması planlaşdırılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə