İranın yeni prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün Tehranda səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani ilə görüşüb. SİA-nın azadinform-a istinadən verdiyi məlumata görə, yüksək qonaqpərvərliyə və xoş münasibətlərə görə, minnətdarlığını bildirən O.Əsədov qeyd edib ki, Azərbaycan ilə İranın münasibətlərinin inkişafında mühüm rol oynayan parlametlərarası əlaqələrin yüksəlişinin qorunması üçün geniş imkanlar mövcuddur.
O.Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində İranın imkanlarını diqqətə çatdırıb.
Nümayəndə heyətinin üzvlərini səmimiyyətlə salamlayan İran parlamentinin sədri əminliklə bildirib ki, ölkələrimiz arasında tarixi tellərlə bağlı olan əlaqələr bundan sonra da sıx şəkildə qorunacaq.
Bildirilib ki, İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanımışdır və münaqişənin Azərbaycanın dövlət sərhədlərinin qorunması prinsipi əsasında həllinə tərəfdardır.
Səmimilik şəraitində keçirilmiş görüşdə ölkələrimiz arasındakı münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinə dair ətraflı müzakirələr aparılıb. Həmçinin, gömrük-keçid məntəqələrinin fəaliyyəti, eləcə də, iki ölkə arasında olan digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüş təkbətək şəraitdə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB