“Avtobusda getmək xəstəliyə düçar olmaq deməkdir" FOTO

"Şəhərin mərkəzi hissəsində ekoloji mühiti çirkləndirən, səs-küyü artıran müəssisə və nəqliyyat vasitələri şəhərdən kənara çıxardılmadır"
“Avtobusda getmək xəstəliyə düçar olmaq deməkdir" FOTO

"Bir çoxları ekoloji problemləri havanın çirklənməsi kimi başa düşür. Lakin nəqliyyat vasitələrinin yaratmış olduğu səs-küy ən böyük ekoloji problemdir. Bu problemlər daha çox daxili yanma mühərrikləri olan nəqliyyat vasitələrinin hesabına həyata keçirilir". SİA-nın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev "Böyük Bakının Regional İnkişaf Planı"na həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ekoloji baxımdan təmiz olan nəqliyyat vasitələri elektrik enerjisi ilə çalışan tramvay və trolleybus olub: "Təəssüf ki, tramvayın səs-küy yaratdığı əsas götürülərək əsas yollardan bu xətləri yığışdırdılar. Lakin bütün dünyada belə təcrübə var. Dəmir yolu reysləri elə düzəldilməlidir ki, həmin yollarda hərəkət edən nəqliyyat vasitələrinin səsi çıxmasın. Tramvayın dayanıqlı nəqliyyat vasitəsi kimi böyük tarixi var. Digər təəssüfedici məqamlardan biri də odur ki, dayanıqlı nəqliyyat vasitəsi olan elektriçkanın hərəkəti məhdudlaşdırılıb".

C. Qocayev onu da qeyd edib kİ, "Böyük Bakının Regional İnkişaf Planı"nı hazırlayarkən tək Bakının deyil, eləcə də Sumqayıt və Xırdalan şəhərlərinin resurs və imkanları əsas götürülüb: "Etiraf etmək lazımdır ki, Bakı ekoloji cəhətdən ən çox çirklənən ərazidir. Bunun əsas səbəblərindən biri, Bakının neft mədənlərinin mərkəzində olması, digər tərəfdən isə şəhərin mərkəzində qədim texnologiyaya malik ayrı-ayrı sənaye müəssisələrinin olmasıdır. Təklif olunan əsas məsələlərdən biri şəhərin mərkəzi hissəsində ekoloji mühiti çirkləndirən, səs-küyü artıran müəssisə və nəqliyyat vasitələri şəhərdən kənara çıxardılmasıdır. Bütün bu dediklərimiz isə Qaradağ və Ələt istiqamətinə köçürülməlidir. Buna baxmayaraq, nəzərdə tutulan köçürmə işləri yeni nəqliyyat problemləri meydana çıxaracaq. Təbii ki, Planın konsepsiyasında bu məsələlər qeydə alınıb".

"Bakı tarixən formalaşmış şəhər olduğundan elə ərazilər var ki, həmin yerləri genişləndirmək olar. Misal olaraq, Heydər Əliyev adına Sarayın arxa hissəsində salınan parkın uzadılması işi bundan sonra da davam etdiriləcək. Belə ki, keçmiş şəhər planında nəzərdə tutulub ki, Akademik Milli Dram Teatrının arxasına kimi həmin ərazi genişləndirilsin. Burada yol infrastrukturunu genişləndirmək mümkündür. Lakin elə küçələr var ki, oranı genişləndirmək olmaz. Misal olaraq, Zivərbəy Əhmədbəyov küçəsini bundan sonra genişləndirmək mümkün deyil",- deyə şöbə müdiri fikirlərinə əlavə edib.

Cahangir Qocayev nəqliyyat vasitəsi olan avtobuslardakı problemlərdən də söz açıb. Onun sözlərinə görə, ölkəmizə gətirilən avtobusların heç birində kondisioner yoxdur: "Avtobusda getmək hər hansı bir xəstəliyə düçar olmaq deməkdir, çünki həmin nəqliyyat vasitələrində anormal şərait mövcuddur. Yayın istisində isə vəziyyət, xüsusilə dözülməz olur. Buna görə də ilk olaraq ictimai nəqliyyatın ekoloji problemi həll olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə