ASAN Səyyar xidmət Qəbələdə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş iri həcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edirlər. SİA-ya verilən məlumata görə, Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda isə Astara rayonunun sakinlərinə ASAN Səyyar xidmət göstərilib.

1-15 avqust tarixlərində Qəbələ rayonunun ümumi sayı 100000-dən çox olan sakini ASAN Səyyar Xidmətdən yararlana biləcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə