FHN Bərdədə reyd keçirib

Fövqəladə Hallar Nazirliyi Bərdədə reyd keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, yay mövsümü ilə bağlı keçirilən reyddə təbii qazdan düzgün istifadə etməyənlərə xəbərdarlıq edilərək zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Bərdənin bir sıra küçə və qəsəbələrində keçirilən reyd zamanı təbii qazdan düzgün istifadə etməyən abonentlər aşkar edilib. Bu günə qədər keçirilən reydlərə baxmayaraq, sakinlər yenə də qeyri-qanuni olaraq rezin borulardan istifadə edərək təhlükəsizlik qaydalarına riayət etmir.

FHN Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının rayon ərazisində yerləşən, qaçqın və məcburi köçkünlər yaşayan əraziyə baxış keçirilib. Reyd zamanı qəsəbədə təxminən 25 fərdi yaşayış evində ev sahibləri tərəfindən mavi qazdan istifadəyə nəzarət olunub.

Fərdi yaşayış evlərinə baxış zamanı müəyyən olunub ki, ötən ilin sonlarında mavi yanacaqla təchiz edilmiş qəsəbədə əhalinin mavi qazla təhlükəsizlik qaydalarına əməl edilmir. Baxış zamanı bir neçə fərdi yaşayış evlərində nöqsanlar aşkar olunub.

Təhlükəli olmasına baxmayaraq, mavi qazın və maye qaz balonlarından istifadə zamanı rezin borulardan istifadə halları, elektrik naqillərinin mavi qaz borularına dolanma halları aşkar edilib.

Reyddə iştirak edən Bərdə rayon Qaz İstismar İdarəsinin işçiləri tərəfindən rezin borular sökülərək götürülüb. Reyd zamanı qəsəbə sakinlərinə mavi qazdan istifadə zamanı təhlükəsizlik qaydaları ilə bağlı bəzi təlimatlar və tövsiyələr verilib.

Qeyd edək ki, bu cür reydlər Qarabağ Regional Mərkəzinin xidməti ərazisində yerləşən digər rayonlarda da keçiriləcək.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə