Qərib Məmmədov: "Geoməkan məlumatlarının toplanmasında ölkəmiz dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanır"
"Geoməkan informasiyası – ərazi və Yer səthində, Yerin səthaltı qatında, Yer atmosferinin səthüstü qatında və yerətrafı fəzada mövcud olan obyektlər barədə müxtəlif fəaliyyət sahəsində istifadəsi zəruri olan verilənlər toplusudur. Geoməkan informasiyası biznes, dövlət idarəetməsi və ictimai fəaliyyətin çox geniş diapazonunu dəstəkləyir və bu informasiyadan istifadə (o cümlədən təkrar istifadə) məhsuldarlıqla bağlı əhəmiyyətli fayda verir". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.
Komitə sədri bildirib ki, Geoməkan məlumatlarının idarəolunması isə özlüyündə dörd prosesi əhatə edir. Onun sözlərinə görə, bu proseslər geoməkan informasiyasının toplanması, xəritələşdirmə, məlumatların analizi və paylaşmadan ibarətdir: "Qeyd etmək lazımdır ki, ölkəmizdə geoməkan məlumatlarının idarəolunması ilə bağlı işlər məhz torpaq islahatının aparılmasının nəticəsi olaraq meydana çıxmışdı. Əsası görkəmli Dövlət xadimi Heydər Əliyev tərəfindən hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, yəni 1992-ci ildə Muxtar Respublikanın Julfa rayonunun Şurut və Gal kəndlərində qoyulmuş torpaq islahatlarının həyata keçirilməsi Komitənin başlıca işlərindən olmuşdur. Bu mərhələdə torpaq payı almaq hüququ olan 3 milyon 500 minə qədər subyektə torpaq payı verilmişdir. Vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaqlar naturada onlara tanıdılmış və mülkiyyət hüququnu təsdiq edən dövlət aktları ilə təmin edilmişdir. Təbii ki, bu həcmdə işin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi olmadan həyata keçirilməsi qeyri-mümkün idi. Ölkə rəhbərliyinin xüsusi qayğısı və diqqəti sayəsində qisa zaman kəsiyi ərzində Komitənin həmin dövrdə analoqu olmayan maddi-texniki bazası, o cümlədən İKT avadanlıqları və müasir ölçmə cihazları parkı formalaşdırıldı, beynəlxalq təcrübə öyrənildi, müvafiq kadr potensialı yaradıldı. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası MDB məkanında ən uğurlu torpaq islahatına imza atdı. 2000-ci illərin əvvəlləri üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi istisfadə olunan aparat və proqram vasitələri həcmi və modernliyi baxımından mərkəzi icra hakimiyyəti orqanları sırasında birincilər sırasına yüksəldi. Elə həmin illərdə bizdə formalaşan kadr potensialı bu gün nəinki Komitənin, digər mərkəzi icra hakimiyyəti orqanlarının, idarə və müəssisələrin, özəl qurumların müvafiq sahələr üzrə aparıcı qüvvəsinə çevrilmişdir. Beləliklə, geoməkan məlumatlarının toplanmasında ölkəmiz dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB