Lənkəran ŞİH başçısı İstisu qəsəbəsində qəbul-görüş keçirib

Lənkəran ŞİH başçısı İstisu qəsəbəsində qəbul-görüş keçirib

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü iyulun 31-də İstisu qəsəbəsində keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan İstisu inzibati ərazi dairəsinin nümayəndəsi Rəhim Abdullayev bildirib ki, hörmətli İcra başçısı Taleh Qaraşovun rəhbərliyi ilə rayonumuzun kənd, qəsəbə və şəhər ərazisində tikinti-quraşdırma işləri aparılır, bir çox yaşayış məntəqələrinə yeni qaz xətləri çəkilir, Lənkəranda yeni su-kanalizasiya layihəsi icra olunur, ən ucqar dağ kəndlərinə asfalt yollar çəkilir və digər işlər uğurla icra edilir.

İcra nümayəndəsi əlavə edib ki, hazırda ərazidə 750 təsərrüfatda 3 min 437 nəfər əhali yaşayır. Qəsəbənin ərazisi 676,4 hektardır. Qəsəbədə çayçılığın inkişaf etdirilməsi ilə əlaqədar 2 fermer təsərrüfatı fəaliyyət göstərir. Qəsəbə sakini Araz Yaqubov "Yaşıl çay" fermer təsərrüfatı yaratmış, təsərrüfatda 45-50 nəfər mövsümi, 16 nəfər daimi işlə təmin olunub. İş adamı A.Yaqubov tərəfindən 27 saylı seçki məntəqəsi təmir edilib, kəndara yollarına çınqıl döşənib.

R.Abdullayev həmçinin ərazidə 2 orta məktəb, 1 uşaq bağçası, 1 həkim məntəqəsi, 2 klub və 2 kitabxananın fəaliyyət göstərdiyini, burada yeni tipli elektron ATS, poçt şöbəsi, internet xidməti, 14 iaşə obyektinin əhaliyə xidmət göstərdiyini diqqətə çatdırıb. İstisu bələdiyyəsinin sədri Rahim Xosrovov ərazidə aparılan abadlıq və səliqə-sahman işləri barədə məlumat verib.

Qəsəbə ağsaqqalı Maşallah Talıbov, müəllim Sadiq Quliyev və başqaları çıxış edərək qəsəbədə 750 təsərrüfata yeni qaz xətti çəkildiyini xüsusi qeyd edib, internet xidmətinin əhalinin istifadəsinə verildiyini vurğulayıblar. Bu və digər işlərə görə qəsəbə sakinləri adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və İcra başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildiriblər.

Çıxış edən ayrı-ayrı sakinlər oktyabr ayında keçiriləcək prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini ifadə ediblər, Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısını alternativi olmayan dünya şöhrətli Lider kimi dəyərləndirərək müxalifətin radikal mövqeyini birmənalı olaraq pisləyiblər.

Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə İcra başçısına müraciət ediblər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov görüşün açıq dialoq və diskussiya şəklində keçirildiyini qeyd edərək, qəsəbə sakinlərinin rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini diqqətə çatdırıb. Bu il ölkəmizin həyatında çox əlamətdar il olacağını – prezident seçkiləri keçiriləcəyini vurğulayan İcra başçısı qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı seçkilərdə fəallığını nümayiş etdirəcək. Ölkə vətəndaşlarının mütləq əksəriyyəti cənab İlham Əliyevin namizədliyini dəstəkləyir. Möhtərəm Prezidentimiz 10 il ərzində ölkəmizi qüdrətli bir dövlətə çevirib. Bu müddət ərzində Azərbaycan çox böyük uğurlara nail olub. Yerlərdə möhtərəm Prezidentin siyasəti uğurla həyata keçirilir.

Rayonda aparılan abadlıq, quruculuq və səliqə-sahman işləri barədə danışan Taleh Qaraşov hazırda Lənkəranda qazlaşdırma işlərinin, yeni məktəb tikintisinin sürətlə aparıldığını, yeni su-kanalizasiya və digər infrastruktur layihələrinin uğurla icra edildiyini söyləyib. Xüsusi vurğulayıb ki, ölkəmizdə bütün bu və digər məsələlər proqram şəklində həyata keçirilir, ölkədə möhkəm ictimai-siyasi sabitlik qorunub daha da möhkəmləndirilir, ən nəhayət, aparılan islahatlar Azərbaycan vətəndaşlarının hərtərəfli inkişafı və rifah haının yaxşılaşdırımasına xidmət edir.

Sonda Taleh Qaraşov görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan təkliflərin nəzərə alınacağını bildirib və tezliklə həyata keçirilməsi üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə