Vaqif Əsədov: “Avtomobillərin sürücüləri 150 manat miqdarında cərimə ediləcəklər”

Vaqif Əsədov: “Avtomobillərin sürücüləri 150 manat miqdarında cərimə ediləcəklər”

Bu gün "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birlikdə tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələrin şöbəsinin rəisi Vaqif Əsədov, "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai birliyinin sədri Elməddin Muradlı, ARDNH-in ölçmə departamentinin rəisi Coşqun Bərxudarov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi departamentinin müfəttişi Sadiq Dərafərin və digərləri iştirak edib.

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai birliyin sədri sədri Elməddin Muradlı deyib ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Yol hərəkəti təhlükəsizliyində ictimai maarifləndirmənin təşkili" adlı layihə həyata keçirilir. Diqqətə çatdırlıb ki, dörd ay müddətində həyata keçirilən layihə çərçivəsində 3 orta məktəbdə yol hərəkətində maarifləndirmə mövzusunda tədbir keçirilib, bir tədbirə isə dəstək verilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə bildirib ki, bu il də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avqust ayının 1-dən 31-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Respublika ərazisində "Təmiz hava" aylığı keçirəcək: "Təmiz hava" aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır. Avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verilməlidir. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar".

Vaqif Əsədov vurğulayıb ki, Azərbaycanda avqust ayında normadan artıq karbon, azot qazının oksidinin mövcudluğu aşkar olunan avtomobillərin sürücüləri 150 manat miqdarında cərimə ediləcəklər.

Sonra Yol hərəkəti eksperti Ərşad Hüseynov, ARDNH-nin ölçmə departamentinin rəisi Coşqun Bərxudarov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi departamentinin müfəttişi Sadiq Dərafərin və digərləri çıxış edərək sürücüləri qanunun tələblərinə əməl etməyə və avtomobillərinin nasazlığını aradan qaldırmağa çağırıblar. Bununla belə bu cür tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə