Yeniyetmələr "Şahinlər" düşərgəsinə yola düşdülər

Yeniyetmələr "Şahinlər" düşərgəsinə yola düşdülər

Bu gün yeniyetmə və gənclərin Quba rayonunda Özəl Türk liseyinin bazasında yaradılan ənənəvi hərbi-vətənpərvərlik təmayüllü ödənişsiz "Şahinlər" yay istirahət düşərgəsinə yolasalma mərasimi keçirilib. SİA-nın məlumatına görə, 8-ci dəfə təşkil olunan düşərgə məktəblilərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili ilə bağlı reallaşıb. Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayıb.

"Sahil bağı"nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail rayon İH-nin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən və layihənin həyata keçirilməsi istiqamətində gördüyü işlərdən danışıb. O, həmçinin düşərgəyə gedən uşaqlara şən və yadda qalan istirahət arzulayıb. İcra başçısı onu da qeyd edib ki, düşərgənin fəaliyyəti Səbail RİH və layihədə iştirak edən təşkilatçıların diqqət mərkəzində olacaq.

Yola düşməzdən əvvəl gənc "Şahinlər" Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə əklil qoyublar.

Məlumat üçün bildirək ki, düşərgə Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü, DİN Daxili Qoşunlar Komandanlığı və "Çağ Öyrətim İşlətmələri" və "Azercell" şirkətlərinin birgə layihəsi əsasında ənənəvi təşkil olunur. Builki 8-ci dəfə baş tutan düşərgədə rayonun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan ailələrin uşaqları, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində və müxtəlif üşaq evlərində tərbiyə alan, ümumilikdə 250 nəfər yeniyetmə iştirak edir.

Qeyd edək ki, rayonun orta məktəblərinin idman və ibtidai-hərbi hazırlıq müəllimlərinin rəhbərlik etdiyi dəstələrə bölünən yeniyetmələr liseyin hər cür şəraiti olan 3 mərtəbəli korpusunda yerləşdiriləcək, onlar gündə 4 dəfə yüksək kalorili yeməklə təmin olunacaqlar. Məktəblilər üçün gündəlik olaraq ət-süd məhsulları, meyvə və tərəvəz gətiriləcək, düşərgədə daimi həkim nəzarəti fəaliyyət göstərəcək. Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsinin zabit və əsgərləri düşərgənin mühafizəsini təşkil edəcək, orada keçirilən hərbi hazırlıq dərslərində müxtəlif mövzuların keçirilməsini təmin edəcəklər. Məktəblilər hərbi hissədə olaraq əsgərlərin xidməti, onların silah və texnikası ilə yaxından tanış olacaqlar. İstirahət prosesi təsdiq olunan iş planına uyğun aparılacaq. Keçirilən məşğələlərlə yanaşı günün sərin vaxtlarında müxtəlif idman yarışları təşkil olunacaq. Yeniyetmələr Daxili Qoşunların zabit və əsgərlərinin köməkliyi ilə hərbi nizamnamə, orduda xidmət, ordumuzun silah və texnikası ilə tanış olacaq, Qubanın gəzməli yerlərinə gedəcəklər. Layihə təşkilatçıları düşərgənin fəaliyyətini daimi nəzarətdə saxlayacaq, orada müxtəlif görüşlərin, filmlərin nümayişinin, konsert proqramlarının təşkil olunmasını təmin edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə