Bu gün Azərbaycan Əlifbası və Azərbaycan dili Günüdür

Bu gün, yəni 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan dili Günüdür. Belə ki, Azərbaycanda İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunub, yüz illər boyu ərəb dili din, elm və təhsil dili rolunu oynayıb. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar M. F. Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaradıb. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmayıb.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradılıb. Bu Komitəyə Azərbaycan(türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verilib. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım olub.

1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirilib. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edilib. Bu hadisə Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynayıb. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ- də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaradıb.

1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olunub. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparılıb. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradılıb. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tarixi şərait yaranıb.

Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olunub. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırılıb. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Ümummili Lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da fərman imzalayıb. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə