Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Buta" diskinin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatının (BMATGT) sədri Vüqar Hümbətov layihənin sədrlik etdiyi qurumun təşəbbüsü ilə ATGTİ-nin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyilə reallaşdığını bildirib.
Sədr qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycan klassik musiqisinin gənc ifaçılarına dəstək göstərmək, onların vasitəsilə ölkə sərhədlərindən kənarda Azərbaycan musiqisinin təbliğ olunmasıdır: "Diskdə Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında Azərbaycan klassik musiqisinin inciləri toplanıb. Belə ki, musiqilər arasında Qara Qarayevin, Cahangir Cahangirovun, Üzeyir Hacıbəyovun, Tofiq Quliyevin, Emin Sabitoğlunun və digərlərinin bəstələri, həmçinin "Getdi yar" xalq mahnısı yer alıb".
Layihənin Ümummili Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan ən kreativ ideya kimi reallaşdığını deyən Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun nümayəndəsi Faiq Qürbətov qeyd edib ki, bu tip layihələr bir çox sahələri əhatə edir: "İlk öncə sevindirici məqam layihənin Ulu Öndərin 90 illik yubileyinə həsr ölunmasıdır. Bundan başqa layihə sayəsində həm gənc ifaçılar tanınır, həm də Azərbaycan musiqisinin xaricdə təbliğatı genişlənir. Bu kimi layihələr hər zaman Gənclər Fondu tərəfindən dəstəklənir. İnanıram ki, disk həm Azərbaycanda, həm də xaricdə böyük dinləyici kütləsinə sahib olacaq".
ATGTİ-nin sədri Şahin İsmayılov isə uzun sürən gərgin əməyin nəticəsində uğurlu bir layihənin işıq üzü gördüyünü deyib: "Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin 90 illik yubileyilə əlaqədar hazırlanan disk dizaynı ilə də insanları cəlb edir. Düşünürəm ki, "Buta" bundan sonra xarici ölkələrdə Azərbaycanı təbliğ etmək məqsədilə istifadə etdiyimiz əsas vəsaitlərdən biri olacaq".
Tədbir media nümayəndələrini maraqlandıran sualların cavablandılrlması ilə yekunlaşıb.
Qeyd edək ki, cari ildə disk 1000 tirajla Azərbaycan dilində çap olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB