Qabil Hüseynli: "Rüstəm İbrahimbəyov suallara cavab verməyə hazır deyil" MÜSAHİBƏ

Qabil Hüseynli: "Rüstəm İbrahimbəyov suallara cavab verməyə hazır deyil" MÜSAHİBƏ

Müsavat Partiyasının keçmiş Divan üzvü, fəlsəfə elmləri doktoru, politoloq Qabil Hüseynli Milli Şuranın Tiflis toplantısı və partiyalararası münasibətlər barəsində SİA-nın suallarını cavablandırıb.

- Qabil müəllim, "Milli Şura" üzvlərinin Tibilisidə Rüstəm İbrahimbəyovla görüşü müxalifətin seçkiyə hazırlığına nə dərəcədə müsbət dəstək vermiş olacaq?

- Zənnimcə bu görüş "Milli Şura"nın tərkibindəki bir növ fəaliyyətsizliyi aradan qaldırmaq üçün keçirildi. Çünki "Milli Şura" öz sədri və vahid namizədi kimi Rüstəm İbrahimbəyovu göstərib və o artıq çoxdan Bakıda olmalı və işlərə başçılıq etməli idi. Məhs R.İbrahimbəyovun Bakıda olmaması səbəbindən "Milli Şura" öz fəaliyyətini istənilən şəkildə qura bilməyib. Ayın sonunda R. İbrahimbəyovun Bakıda olacağı haqda məlumat verirdilər, əvəzində isə başqa bir hadisənin şahidi olduq. R. İbrahimbəyov Bakıya deyil Tiflisə gəldi və ora 16 nəfərlik heyəti çağırdı və bir növ "Milli Şura"sayağı toplantı keçirildi. Ümumiyyətlə, "Milli Şura"nın təşkilatlanması prosesi də zəif gedir və hələ bölgələrdə şöbələrinin yaradılması prosesi ləngiyir və ya o qədər də qənaətbəxş deyil. Tiflis görüşündə bu məsələlər müzakirə olunmalı idi.

- İ.Qəmbərin görüşə yarım saat gecikməsini R.İbrahimbəyova "mən də varam" mesajı kimi dəyərləndirmək olarmı?

- Məndə olan məlumtlara görə, İsa Qəmbər görüşə 20 dəqiqə geçikib və bunun səbəbinin görüş vaxtının yarım saat gec deyilməsi ilə izah edib. Lakin qeyd etmək olar ki, Rüstəm İbrahimbəyovla İsa Qəmbər arasındakı münasibətlər gərgindir. Təsadüfü deyil ki, Müsavat partiyasının səlahiyyətlisi Mehman Cavadoğlu Tiflisə getməzdən əvvəl, qeyd etmişdi ki, Müsavat partiyası bu görüşdə həm də ehtiyyat namizəd ideyasını ortaya atacaq və onun qəbul edilməsinə çalışacaq. Bu haqda geniş məlumat olmasa da R.İbrahimbəyovun Bakıya qayıdışı ilə bağlı ciddi şübhələri var və bu şübhələrini əsas gətirərək İsa Qəmbər özünün prezidentliyə namizədliyini hələ ki, geri götürməyib. Bu haqda KXCP özündə də müəyyən fikirayrılıqlarına rast gəlmək mümkündür, çünki, partiyanın sədriMirfəttah Mirəlioğlu bildirmişdi ki, onlar vahid namizəd məsələsində hələ ki, son sözlərini deməyiblər. Daha oğrusu partiyanın ali məclisində bu məsələni qəbul etməyiblər. Bütün bunlar ona görədir ki, Rüstəm İbrahimbəyov həm "Milli Şura"nın sədri həm vahid namizədi ola-ola bakıya gələ bilmir və gəlməməsini ciddi arqumentlərlə səsləndiməyi də bacarmır.

- Görüş üçün məhz erməninin sahibi olduğu otelin seçilməsi təsadüfü sayıla bilərmi?

- Bu otel tarixi oteldir və 1918-ci ildə də bu otel var idi. Onlar bunu Azərbaycan Demokratik Respublikası öz Milli Şurasını məhs o oteldə keçirdiyinə görə bu "Milli Şura"da məhs o oteli seçib. Amm "Müsavat" qəzetinin əməkdaşının qeyd etdiyinə görə otelin sahibi Zərgəryan soyadlı erməni deyil və guya gürcü soyadlı iki nəfərə məxsusdur. Bunu dəqiqləşdirmək mümükündür. Əsas olaraq isə qeyd edək ki, ADR 1918-ci il 28 may tarixində öz iclasını məhz o oteldə keçirib.

- Görüşdən sonra İ.Qəmbərlə R. İbrahimbəyovun təkbətək görüş keçirdiyi xəbəri yayılıb. Ola bilərmi ki, bu görüşdə son nəticə olaraq İsa Qəmbər namizədliyinin dəstəklənməsinə nail ola bilsin?

- Əminəm ki, bu görüşdə çox ciddi məsələlərə toxunulubdur. Çünki Müsavat partiyası digər partiyalarla müqayisədə parametrlərinə görə fərqlənir və daha çox milli partiyadır. Bu baxımdan Müsavatın üzərinə böyük yük düşür. Digər tərəfdən isə Rüstəm İbrahimbəyovun haqqında isə olduqca müxtəlif fikirlər səsləndirilir. Əsasən deyirlər ki, bu fikirləri Azərbaycan mətbuatı deyir, lakin Moskva nəşrlərinin məhz R.İbrahimbəyov haqda yazdıqları hər kəsi düşünməyə vadar edir. Belə ki, bir politoloq yazır ki "Kremlin R. İbrahimbəyovla əlaqələri var. Lakin bu əlaqələri tam dəqiqləşdirmək mümkün deyil". Yəni bu tam diplomatik manevr xarakterli bir məsələdir. Bu bir növ Azərbaycana təzyiq xarakteri daşıyır. Çünki başqa bir rus politoloqu yazır ki, Azərbaycan bir sıra məsələlərdə Rusiya prezidenti V.Putinlə görüş ərəfəsində öz mövqelərini dəqiqləşdirməlidir. Yoxsa guya Rusiyanın əlində böyük, rus demişkən, riçaqlar var və o bu riçaqları işə sala bilər. O rusun dediyi riçaqların arasında separatçı milli azlıqlarla yanaşı, Rüstəm İbrahimbəyovun da adı çəkilir. Bütün bunlar onu göstərir ki, R. İbrahimbəyovun personası və onun kosmipolitik dünya görüşünə malik olmadığı halda Kremlin müəyyən dairələri ilə və Rusiyanın bir sıra siyasi elitası ilə əlaqələrin olması da şübhə doğurmur. Beləliklə, "Milli Şura" üzərinə böyük yük götürüb. Belə ki, bir sıra məsələlər aydınlaşdığı kimi, müəyyən bir vaxtdan sonra bütün məsələlərin üstü açılacaq. Həmin zaman bu partiyalar pis vəziyyətdə qalmamalıdır. Misal üçün Müsavat Partiyası özü üçün şübhəli və qaranlıq qalan məsələlərə R.İbrahimbəyovdan cavab istəyir. Rüstəm İbrahimbəyovun cavabları isə qeyri dəqiqdə ola bilər, siyasi manevr xarakterli də ola bilər. Hər halda bunlar yalnız ehtimallardır.

- Görüşün sonunda R. İbrahimbəyov jurnalistlərə "nə qədər istəsəz sual verə bilərsiniz, lakin cvab gözləməyin" deməsi onun rus demişkən "marianetka" olmasının sübutu deyilmi?

- Görüşdən sonra mətbuat konfransı keçirilibdir və bu konfransda bir növ sualları Eldar Namazov cavablandırıb. Əsas obyekt İsa Qəmbər, Rüstəm İbrahimbəyov və Eldar Namazov olub. Məlum olub ki, E.Namazov R.İbrahimbəyovla razılaşdırılmış bəyanatdan kənara çıxmayıb. Lakin İsa Qəmbər bütün suallara cavab veribdir, amma yenə də görüşün bütün təfərrüatı haqqında məlumat verməyib. Müəyyən məsələlər konsperativ olaraq qalıbdır. Amma hər halda R.İbrahimbəyovun suallardan qaçması bir faktdır və bütün bunlar onu göstərir ki, Rüstəm İbrahimbəyov suallara cavab verməyə hazır deyil.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə