Rüstəm Usubov: "6 ay ərzində ağır xarakterli cinayətlərdən 5 iş açılmayıb
"Bu ilin 6 ayı ərzində ağır xarakterli cinayətlərdən 5 iş açılmayıb". SİA-nın xəbərinə görə, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda cinayətlərin sayı 2011-ci ildə 11953-dən 2012-ci ilə 10959-dək azalıb: "Əvvəlki illərlə müqayisədə bu ilin birinci yarısında soyğunçuluq hadisələri 24 faiz, oğurluq 46 faiz, dövlət əmlakının talanması ilə bağlı cinayətlər 17,3 faiz azalıb. Əvvəlki illərdə ən azı 500-600 qəsdən adamöldürmə cinayətləri qeydə alınırdı. Son illər 180-190 qəsdən adamöldürmə hadisəsi baş verib. Əvvəlki illərdə bu cinayətlərin 200-250-si açılmırdısa, son illər bu rəqəm 15-16-ya enib".
Bundan başqa R.Usubov bildirib ki, Azərbaycanda terrorçuluğa qarşı qlobal mübarizə aparılır: "Azərbaycanda keçirilən "Evrovison" mahnı yarşıması zamanı terror aktları həyata keçirməyə çalışan qruplaşmanın 29 nəfər üzvü məhkəmə qarşısında cavab verir".
R.Usubov prokurorluq orqanlarına istifadəyə verilən "Elektron cinayət" sisteminin əhəmiyyətindən də danışıb: "Artıq prokurorluq orqanlarında İKT nin imkanlarından geniş istifadə edilir. Bu sistemin tətbiq edilməsi nəticəsində cinayət işinin bütün mərhələri işi başa çatanadək ardıcıl əks olunur".
Baş Prokurorluq rəsmisi deyib ki, prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində, korrupsiyaya qarşı mübarizədə daha ciddi işlər görülüb. Korrupsiyaya qarşı mübarizədə ciddi islahatlar aparılmaqla, səmərəliliyi gücləndirilib, kompleks tədbirlər həyata keçirilib: "Hüquqpozmaların sahələri müəyyənləşdirilərək, aidiyyatı üzrə göndərilib. Korrupsiyaya qarşı mübarizə sahəsində ictimai qurumlar, QHT-lərlə əməkdaşlıq edərək, əhəmiyyətli işlər görülüb. Bunun nəticəsində bəzi beynəlxalq təşkilatlar Azərbaycan dövlətinin mübarizə tədbirlərini səmərəli hesab edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB