Ağdam və Bərdədə rayonlarında Qarabağ əlilləri və şəhid ailələri üçün çox mənzilli yaşayış binaları tikilir. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Ağdamın Quzanlı qəsəbəsində Qarabağ əlilləri və şəhid ailələri üçün çox mənzilli binalar tikilir. Belə ki, 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisinə fevral ayında başlanılıb. Qarabağ əlilləri və şəhid ailələri üçün nəzərdə tutulan tikili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa olunur. Yaşayış binasındakı mənzillər 2 otaqlıdır. Hazırda binada hörgü, döşəmə qatlarının vurulması, daxili və xarici təmir işləri, həmçinin kommunikasiya sisteminin çəkilməsi prosesi həyata keçirilir. Yaşayış binasının istilik sisteminin təchizatında müasir avadanlıqlardan istifadə ediləcək. Artıq tikilinin qazanxanası hazırdır. Su anbarının tikintisi isə hələ davam edir.
Eyni zamanda Bərdə də Qarabağ əlilləri və şəhid ailələri üçün 4 mərtəbədən ibarət yaşayış binası inşa edilir. 4 ay bundan əvvəl inşasına başlanan bina 36 mənzildən ibarətdir. Hündür mərtəbəli yaşayış binasında əlil və şəhid ailələri üçün hər cür şərait yaradılacaq. Bina elektrik enerjisi, qaz təchizatı və içməli su ilə təmin ediləcək.
Qeyd edək ki, hər iki rayonda inşa edilən yaşayış binasının sakinlərinin istirahəti üçün yaşıllıq zolaqları salınaraq ərazidə abadlıq işləri həyata keçiriləcək. Binaların tikintisi oktyabr ayında yekunlaşacaq və mənzillər sahiblərinə təhvil veriləcək.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB