Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin 2013-cü ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. SİA-nın məlumatına görə, Qaradağ rayon İcra Hakimiyyətinin 2013-cü ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 18 iyul 2013-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Yığıncağın işində Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon İcra hakimiyyəti başçısının yanında Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Yığıncaqdan əvvəl rayon rəhbərliyi, qonaqlar və ictimaiyyətin nümayəndələri tərəfindən Heydər Parkında Ulu Öndərin abidəsi ziyarət edərək abidənin önünə gül dəstələri qoyublar.
Hesabat yığıncağında "Qaradağ rayon İcra Hakimiyyətinin 2013-cü ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları üzrə hesabatı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 18 iyul 2013-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr barədə" rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun məruzəsi dinlənilib.
Məruzədə qeyd olunub ki, rayon sənayesində 309 milyon manatlıq sənaye məhsulu, 912 min ton sement istehsal edilib. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 233,8 min ton xam neft və 120,9 milyon kubmetr təbii qaz hasil olunub. Ötən dövrdə nəqliyyat sektorunda 16,4 milyon manatlıq xidmətlər göstərilib ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətdə 48,4 faiz çoxdur. Rabitə xidmətlərinin həcmi 909,5 min manat təşkil edib.
Rayonda muzdla işləyənlərin orta aylıq əmək haqqı 717, sənayedə çalışanların isə 1030 manat təşkil edir. Bütövlükdə ötən altı ay ərzində 1038 yeni iş yeri açılıb.
Hesabat dövründə rayon əhalisinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə normal təminatı sahələrində xeyli işlər görülüb. Belə ki, rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 4 yeni transformator məntəqəsi tikilmiş, 38 transformator məntəqəsi təmir edilmiş, 2470 metr kabel çəkilib. Ötən dövr ərzində 39 000 p/m yeni qaz xətti çəkilmiş, 5 müasir qaz tənzimləyici şkafı quraşdırılmış və 7791 ədəd mexaniki qaz sayğacı "Smart-kart" tipli qaz sayğacları ilə əvəz edilib. Əhalinin içməli su ilə təchizatının və kanalizasiya xidmətinin yaxşılaşdırılması üçün 4991 p/m müxtəlif diametrli yeni su kəmərləri çəkilmiş və 40 ədəd siyirtmə quraşdırılıb.
Son illər Qaradağ rayonunda bir neçə mühüm obyektlərin inşası uğurla başa çatdırılıb. Qaradağ rayonunun şimal-şərq tərəfindən olan girəcəyi və Bakı-Astara magistral avtomobil yolunun Sahil qəsəbəsinin inzibati ərazisindən keçən hissəsinin sol tərəfində 2 hektar ərazi abadlaşdırılıb. Bakı-Astara yolunun Binə Ticarət Mərkəzinə yaxın hissəsi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb. Sahil qəsəbə istiqamətində getdikcə yolun sol hissəsində böyük dekorativ saat quraşdırılıb. Ümumilikdə rayon ərazisində ötən dövr ərzində 2 mindən artıq ağac və bəzək kolları əkilib. Əhalinin asudə vaxtının səmərəli təşkili üçün Lökbatan, Sahil, Qızıldaş, Ələt, Səngəçal, Müşfiqabad və digər qəsəbələrində nümunəvi həyətlərin salınması istiqamətində işlər görülməkdədir. Artıq Lökbatan və Müşfiqabad qəsəbələrində 4 məhəllə abadlaşdırılıb, orada xeyir-şər evləri tikilib.
Rayon ərazisində olan yollara və məhəllədaxili həyətlərə ötən altı ay ərzində 132142 kv.m. asfalt döşənib. Eyni zamanda yararsız vəziyyətdə olan küçələrə 3000-ə yaxın maşın çınqıl və daş qırıntıları tökülərək yayılmış, 4641 p/m beton bordür qoyulub, 2400 p/m səki mişar daşı ilə hörülüb. Çoxmərtəbəli yaşayış binalarının giriş qəfəsində 16 qapı, 32 pəncərə, 220 ədəd küçə işığı quraşdırılıb.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planına əsasən rayon ərazisində təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə bir çox işlər görülməkdədir. Belə ki, Lökbatan qəsəbəsindəki 7 nömrəli Peşə məktəbi, Puta qəsəbəsindəki 326 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni binanın və Müşfiqabad qəsəbəsindəki 274 nömrəli tam orta məktəb üçün əlavə tədris korpusunun tikintisi davam etdirilir. Lökbatan qəsəbəsindəki "Bülbül", "Sevinc", Sahil qəsəbəsindəki "Aynur", "Nağıl" körpələr evi-uşaq bağçalarının əsaslı təmirinə başlanılıb.
Hesabat məruzəsindən sonra gündəlikdəki məsələ üzrə "Boss Şelf" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru İxtiyar Axundov, 13 saylı Şəhər Poliklinikasının baş həkimi Elnarə Hüseynova çıxış ediblər.
Daha sonra Milli Məclisin deputatı Ağalar Vəliyev çıxış edərək 2013-cü ilin altı ayı ərzində respublikamızın əldə etdiyi uğurlar haqqında danışıb.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilib və yekdilliklə qəbul edilib.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətin qəbul edilib.
Hesabat yığıncağını yekun sözü ilə bağlayan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB