“Region gəncləri və yerli biznes sahələrinin tələbi” layihəsi başa çatdı

“Region gəncləri və yerli biznes sahələrinin tələbi” layihəsi başa çatdı

"Bakı Gənclər Klubu" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 25 aprel 2013-cü il tarixindən "Region gəncləri və yerli biznes sahələrinin tələbi" adlı layihəni başa çatdırıb. Bu barədə SİA-ya Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının mətbuat xidmətindən məlumat verilib.

Layihənin həyata keçirilməsində məqsəd - respublikamızın regionlarında işsizliyin aradan qaldırmasına, turizmin və xidmət sektorunun inkişafına, gənclərin peşə təhsilinə marağını artırmağa kömək etməkdən ibarət olub.

Layihə çərçivəsində keçirilən təlimlərdə masa xidmətçilərin (ofisiantların) şəxsi və formalarının gigiyenası, müasir restoranlarda istifadə olunan mebel və ağlar, masanın bəzədilməsi, müştəri ilə ünsiyyət, yemək növləri və hər bir insanın həyatında əsas rol oynayan səhər yeməyi masasının minimal və maksimal bəzədilməsi mövzularına toxunulub.

Həmçinin, layihə həyata keçirildiyi müddət ərzində müasir restoranlarda gündəlik işə hazırlanma ardıcıllığı, masanın nahara və şama "minimal-maksimal" bəzədilməsi ardıcıllığı, çoxsaylı banket növləri , "İsveç stolu", şadlıq evlərində toyların keçirilməsi zamanı xidmətin təşkili haqqında layihə iştirakçılarına geniş məlumat keçirilib.

Layihə çərçivəsində təşkil olunmuş təlimlərdə 25 gənc iştirak etmişdir. Layihənin sonunda iştirakçılar şəhadətnamə ilə təltif olunub.

Qeyd edək ki, "Bakı Gənclər Klubu" İctimai Birliyi 1994-cü ildən fəaliyyət göstərməkdədir. Təşkilat yarandığı gündən etibarən, ölkənin sosial həyatında əks-səda doğuran bir sıra uğurlu layihələr həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə