Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, "Gənclərin Töhvəsi" İctimai Birliyi və "Təxlis Olunmuş Hərbiçiləri Maarifləndirmə" İctimai Birliyi tərəfindən təşkil olunmuş "Gənclər Ali Baş komandanın əmrinə hər an hazırdır" hərbi vətənpərvərlik düşərgəsinin üçüncü günündə proqrama uyğun olaraq gənclər Şamaxıda yerləşən N saylı hərbi hissəni ziyarət ediblər. SİA-nın verdiyi xəbərə görə, hərbi hissə rəhbərliyi tərəfindən qarşılanan gənclər ilk olaraq hərbi hissənin ərazisini gəzdikdən sonra, əsgərlərin şəraiti ilə maraqlanıblar. Hərbi hissənin komandiri gəncləri maraqlandıran sualları cavablandırıb.
Günün ikinci yarısı düşərgə iştirakçıları komandalara bölünərək, intellektual oyunlar üzrə yarışlara qatılıblar. Keçirilən yarışlarda verilən suallar vasitəsilə gənclərin bilik səviyyəsi, dünyagörüşü, liderlik qabiliyyətləri əks olunub. Qalib gəlmiş komandalar fəxri fərmanlarla təltif olunublar.
Daha sonra gənclər Şamaxıda yerləşən Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən "Şamaxı Astrofizika Rəsədxanası"na ekskursiya ediblər. Rəsədxananın elmi işçisi tərəfindən qarşılanan gənclərə ilkin olaraq rəsədxana haqqında məlumatlar verilib. Rəsədxananın fəaliyyəti haqqında məlumatlanan gənclər, göy cisimlərini də müşahidə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB