Son dövrlərdə Bakıda yaradılan yeraltı avtomobil dayanacaqları da paytaxtda tıxacların qarşısının alınması, avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək baxımından mühüm rola malikdir. SİA-nın xəbərinə görə, dünən istifadəyə verilməsinə baxmayaraq, artıq yeraltı avtodayanacağa sürücülərin axını başlayıb.
Yeraltı dayanacağı komputer operatoru Kamran Nəcəfzadənin sözlərinə görə, yeraltı dayanacağın ümumi sahəsi 21 hektar olmaqla 4500 avtomobil saxlanılması üçün nəzərdə tutulub: "Yeraltı avtodayanacaqda 37 avtomobil tutumu olan xüsusi bölmə, həmçinin avtoyuma məntəqələri də fəaliyyət göstərir. Texniki mərtəbədə digər qurğularla yanaşı, 1200 kubmetr tutumu olan 8 su hovuzu da yerləşir. Yeraltı dayanacaq müasir avadanlıq və sistemlərlə təchiz edilib. Burada ən müasir havalandırma, yanğından mühafizə və təhlükəsizlik sistemləri quraşdırılıb. Təhlükəsizliyin və nəzarətin tam təmin edilməsi məqsədilə dayanacaqda 270-ə yaxın kamera qoyulub. Bundan əlavə, çıxışlar 700 dərəcəyə dözən şüşəbəndlərlə bağlanıb. Burada 5 giriş-çıxış mövcuddur. Şəmsi Bədəlbəyli küçəsi yeraltı dayanacağın üzərindən keçdiyindən bu hissə körpü prinsipi ilə inşa edilib. Yeraltı avtodayanacaqda 14 lift quraşdırılıb. Parkın ətrafında 7 yeraltı keçid inşa edilib və 24 eskalatorla təchiz olunub. Əlillər üçün 8 lift-eskalator fəaliyyət göstərir".
Yeraltı dayanacağın məsul işçisi qeyd edib ki, yeraltı dayanacaqda Azərbaycanın bütün pul vahidlərini qəbul edən ödəmə sistemi quraşdırılıb: "Yeraltı dayanacaqda quraşdırılan bütün avadanlıqlar Avropadan gətirilib. Ödəmə cihazları beş qəpikdən yüz manata qədər pul əskinaslarını qəbul edir. Bu cihazın ən önəmli üstünlüyü qalıq pul qaytara bilməsidir".
K.Nəcəfzadə deyib ki, yeraltı avtodayanacaq yüksək təhlükəsizliklə yanaşı, münasib qiymətləri ilə sürücülər üçün cəlb edicidir: "Yeraltı avtodayanacaqda bir saat üçün sürücülər 50 qəpik pul ödəməlidirlər. Sürücü 8 saatdan 12 saat ərzində maşınını avtodayanacaqda saxlayarsa 4 manat, 24 saat saxlayarasa 6 manat ödəniş etməlidir. Avtodayanacaqdan bir aylıq istifadənin haqqı isə 180 manat təşkil edir. Bundan başqa sürücülər müqavilə yolu ilə daha az ödəniş etməklə dayanacaqdan istifadə edə bilərlər".
Avtodayanacaqdan istifadə edən sürücülərin sözlərinə görə, paytaxtın mərkəzində yenicə istifadəyə verilən yeraltı avtodayanacaq çox müasir, təhlükəsiz və hər bir vətəndaşın cibinə uyğundur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB