Lerik rayonunda ilin birinci yarısının yekunları müzakirə edilib FOTOLAR

Lerik rayonunda ilin birinci yarısının yekunları müzakirə edilib FOTOLAR

2013-cü ilin birinci yarısında Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Şura iclası keçirilib. Görülmüş işlər barədə icra hakimiyyəti başçısı Rövşən Bağırov geniş məruzə ilə çıxış edib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, məruzədə bildirilib ki, respublikamızdakı uğurlu iqtisadi reformalar rayonunun da sosial–iqtisadi inkişafına ciddi təsir göstərib. Lerikin siması tanınmaz dərəcədə dəyişib, bütün ərazilərdə quruculuq-abadlıq işləri böyük vüsət alıb. İqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb.

2013-cü ilin birinci rübündə ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artaraq 20 milyon 547 min manata, kənd təsərrüfatı məhsulları 4 faiz artaraq 9 milyon 074 min manata, sənaye məhsulu 4,3 faiz artaraq 305 min manata, rabitə xidmətləri 23,1 faiz azalaraq 173 min manata, nəqliyyat xidməti 3 faiz artaraq 1 milyon 270 min manata, pərakəndə əmtəə dövriyyəsi 1,4 faiz artaraq 34 milyon 583 min manata, pullu xidmət 3,2 faiz artaraq 5 milyon 979 min manata çatıb.

Rayonun Piran kəndi yaxınlığında iş adamı tərəfindən yumurta, ət, quş istehsalı ilə məşğul olacaq broyler fabrikinin tikintisinə mart 2011-ci ildə başlanıb. Hazırda tikintidə son tamamlanma işləri həyata keçirilir. Obyektdə 120 nəfərə yaxın lerikli işləyir. Müəssisənin ümumi dəyəri ilkin hesablamalara görə 18 milyon manatdır. Saatda 6 min ədəd toyuq, həftədə 132 min ədəd cücə istehsal etmək gücünə malik olan müəssisədə 6 ferma yaradılıb, daha 3 fermanın yaradılması üçün iş aparılır. Eyni zamanda müəssisədə saatda 150 ton yem istehsal edən zavod və 5 min ton tutuma malik yem anbarı inşa edilib. Müəssisə tam istifadəyə verildikdən sonra gündəlik cücə istehsalı 270 min ədədə, daimi iş yerlərinin sayı isə 200-ə çatdırılacaq.

II Dövlət Proqramının icrasına uyğun olaraq keçən vaxt ərzində rayonda 3783, o cümlədən cari ildə 332 yeni iş yeri, ümumilikdə isə 2004-2013-cü illər ərzində 8529 yeni iş yeri açılıb. Açılmış iş yerlərinin 40 faizdən yuxarısı daimi iş yerləridir.

Lerik şəhəri daxil olmaqla artıq 25 yaşayış məntəqəsi tam qazlaşdırılıb, 30-a yaxın kəndin qazlaşdırılması ilə bağlı iş davam etdirilir.

Sevindirici haldır ki, 03 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun tikintisi üçün maliyyə vəsaiti ayrılıb. Hal-hazırda yolun tikintisində işlər sürətlə aparılır, 24 km yol asfaltlaşdırılıb.

Lerik şəhərində inşası 2011-ci ildə başlayan 17 MQVAAT-lıq elektrik stansiyasının tikintisində işlər sürətlə davam etdirilir. Lerik-Yardımlı 35 kv-luq yüksək gərginlikli elektrik hava xətti inşa edilib.

Daha sonra rayon icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov, rayon statistika idarəsinin müdiri Ədail Məmmədov, 43 saylı yol istismar idarəsinin müdiri Elxan Əliyev, rayon baytarlıq idarəsinin müdiri Gülmirzə Tağıyev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələri qeyd ediblər.

Tədbir iştirakçıları tərəfindən Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul edilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə