Astarada ən ucqar kəndlər də qayğı ilə əhatə olunub FOTOLAR

Astarada ən ucqar kəndlər də qayğı ilə əhatə olunub FOTOLAR

Rayon İcra Hakimiyyəti başçısı Qəzənfər Ağayevin əhali ilə mütəmadi hal alan görüşləri mövcud problemlərin həllini tezləşdirməklə sakinlər tərəfindən böyük razılıqla qarşılanır. Təkcə son bir ayda Ovala, Pəlikəş, Toradi, Hamoşam, Şümrüd və Düriyyə kəndlərindən sonra Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Xıçaso kəndində Şəmətük və Sipiyəalfətik kənd sakinləri də daxil olmaqla keçirilən görüş, əhaliyə, xüsusən ucqar dağ kəndlərində yaşayan əhaliyə göstərilən yüksək qayğının bariz nümunəsi kimi dəyərləndirilməlidir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Kijəbə qəsəbəsindən yaşıl yamaclı dağlara doğru uzanan yollardan keçdikcə təbiət daha da gözəlləşir, bütün füsunkarlığı ilə gözümüzün önündə canlanır. Bu yerlərdən başqa dünyanın heç bir yerində bitməyən şabalıdyarpaq palıd, dəmirağacı, azat və digər nadir ağaclar ətrafa bir sərinlik yayaraq yay gününün istisini unutdurur. Yolların abadlığı, dağ yamacında sıralanan evlərin səliqəli həyətlərində aparılan əkinlər sakinlərin işgüzarlığından xəbər verir.

Bu üç kəndin 118 təsərrüfatında yaşayan 580 nəfər əhalinin əsas məşğuliyyəti sitrusçuluq, heyvandarlıq və arıçılıqdır.

Rayon icra hakimiyyətinin başçısı Q.Ağayevin bu kəndə gəlişini yerli sakinlər böyük sevinclə qarşılayıblar. Kənd sakinlərindən Fazil Məmmədov, Gülbala Hidayətov, Əfrasiyab Məmmədov, Fərhad Eynəliyev, Canağa Hidayətov və başqaları görüşə gəldiyinə görə icra başçısına minnətdarlıq edərək, respublikada və rayonumuzda aparılan çoxsaylı quruculuq-abadlıq işlərinin müstəqil dövlətimizin şöhrətini getdikcə artırdığını, dünyanın ən gözəl, ən abad dövlətlərdən birinə çevirdiyini sevinclə vurğulayıblar. Kənd sakinləri bu möhtəşəm işlərdə ölkə başçısı möhtərəm cənab İlham Əliyevin ətrafında hər zaman sıx birləşdiklərini inamla söyləyiblər.

İcra Hakimiyyətinin başçısı Q.Ağayev təkrarsız gözəlliyə malik təbiətə valeh olduğunu gizlətməyərək dünyanın ən səfalı, mənzərəli yerləri ilə müqayisə oluna biləcək belə bir məkanda yaşayanları xoşbəxt insanlar adlandırıb. Qeyd edib ki, doğma Azərbaycanımızın hər bir guşəsi valehedicidir, gözəldir. Müstəqillik dönəmində əldə olunan nailiyyətlər, aparılan tikinti-quruculuq işləri ölkəmizin hüsnünə xüsusi bir yaraşıq verərək daha da baxımlı etməklə, bu yurda qədəm basan hər bir insanı valeh edir.

Kənd sakinlərinin təşəbbüsü ilə yollarda aparılan təmir işlərini yüksək qiymətləndirən icra başçısı əhaliyə təşəkkürünü bildirib, bu birliyin davamlı olmasını arzulayaraq icra hakimiyyəti tərəfindən də hər cür qayğı ilə əhatə olunacaqlarını söyləyib.

Tüləgüvan-Sipiyəalfətik kəndlərini ayıran çay üzərində körpü qoyulması və elektrik dirəklərinin təmiri ilə əlaqədar yerindəcə tapşırıqlarını verən Q.Ağayev sosial problemlərin aradan qaldırılması üçün dövlətin həyata keçirdiyi mühüm tədbirləri əhalinin nəzərinə çatdırıb. Qeyd olunub ki, Heydər Əliyev siyasətinin layiqli davamçısı olan ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin son bir ildə rayonumuzun inkişafı ilə əlaqədar imzaladığı Sərəncamlar, xüsusən bir neçə gün əvvəl kəndarası yolların əsaslı təmiri ilə əlaqədar 3,3 milyon manat vəsait ayırması barədə Sərəncamı rayonumuzun sakinlərinə olan böyük diqqət və qayğının parlaq təzahürüdür.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə