Söyün Sadıqov məhkəməyə veriləcək

Ramiz Mikayılov: “Azərbaycanlıların mədəni muxtariyyəti qurulanda ortada olmayan bir şəxsin indi özünü “Azər-Rossu”un təsisçisi və prezidenti kimi qələmə verməsi absurddur”
Söyün Sadıqov məhkəməyə veriləcək

Müsahibimiz "Azər-Ross"-un Moskva Mədəni Muxtariyyətinin vitse-prezidenti Ramiz Mikayılovdur

- Ramiz müəllim sizin mətbuatda belə bir çıxışınız var idi ki, "Azər-Ross" Mədəni Müxtariyyətinin həmtəsisçisisiniz, digər təsisçisi isə Ağadadaş Kərimovdur. Söyün Sadıqov isə iddia edir ki, əslində "Azər-Ross"-un təsisçisi odur. Bunu necə izah etmək olar?

- "Azər-Ross" Mədəni Muxtariyyətinin həmtəsisçisi mən və Ağadadaş Kərimovdur. Biz bu Mədəni Muxtariyyəti yaratmazdan əvvəl Rüsiyada belə bir qanun çıxdı ki, hər bir ölkə Mədəni Muxtariyyətini yaratmaq haqqına malikdir. İlk olaraq biz Azərbaycan Mədəni Muxtariyyətini mərkəzi dairə üzrə, sonra Moskva üzrə yaratdıq. Daha sonra isə Federal Mədəni Muxtariyyətə keçirdik. Biz iki-üç muxtariyyətin birləşdirilməsinə qərar verdik ki, bunlardan da biri Çuvaşiyada, Tverdə, digəri isə Yaroslav vilayətində idi. Biz bu mədəni muxtariyətlərin nümayəndələrini Moskvaya dəvət etdik və onların razılığı ilə üç mədəni muxtariyyətin birləşməsi ideyasını reallaşdırdıq və Rusiya üzrə Azərbaycan Federal Milli-Mədəni Muxtariyyəti qeydiyyatdan keçirtdik. Normal fəaliyyət göstərmək üçün ofis axtarırdıq. Moskvanın Tverskaya küçəsində hamıya məlum olan həmyerlimiz, iş adamı İsmayıl Tağızadə bizə üç otaqlı ofis verdi ki, o da Azərbaycan səfirliyindən 100-150 metr aralı məsafədə yerləşirdi. Burada bəlli bir fəaliyyətimizdən sonra mədəni muxtariyyətin prezidentliyinə İsmayıl Tağızadənin namizədliyini irəli sürdük. Amma 8-9 ay sonra Ağadadaş Kərimov söylədi ki, bu ofisi boşaltmalıyıq və özümüzə daha geniş ofis axtarmaq məcburiyyətində qaldıq. O söylədi ki, mənim Söyün Sadıqov adlı bir biznesmen tanışım var. O, bu məsələdə bizə köməklik göstərəcək. Beləliklə, Moskvanın Şablovka rayonunda Xaoski 26 küçəsində Mədəni Muxtariyyətin fəaliyyətini davam etdirdik. Mədəni Muxtariyyətin növbəti qurultayında Söyün Sadıqov Muxtariyyətin prezidentliyinə namizədliyini irəli sürdü. Mən isə birbaşa Sank-Peterburq Universitetinin keçmiş prorektoru, akademik Cahangir Kərimovun namizədliyini irəli sürdüm. Bununla da Mədəni Muxtariyyətin prezidenti Cahangir Kərimov oldu. Bundan sonra mən Mədəni Muxtariyyətə çox az gedib-gəlirdim. Çünki fikirləşirdim ki, "Azər-Ross" alimlərin əlindədir. Yaxın zamanlara qədər şəxsən özüm Rusiya Ədliyyə Nazirliyində bunu yoxlatdırdım, Cahangir Kərimov "Azər- Ross"un prezidenti olaraq qalırdı.

- Bəs necə oldu ki, Söyün Sadıqov "Azər-Ross"-un prezidenti oldu?

- Bu hələ də bizim üçün də qaranlıq qalır. Çünki prezident rəsmi olaraq İdarə Heyyətinin qərarına əsasən dəyişə bilərdi. Amma belə bir toplantı olmayıb və qərar da mövcud deyil. Ortada heç bir qərar olmadan Söyün Sadıqov özünü "Azər-Ross"-un prezidenti elan edib. Biz o zaman ayıldıq ki, Ağadadaş Kərimovu Söyün Sadıqov olan ofisə buraxmadılar. Bütün sənədlər də orada qalmışdı.

- Buradan belə çıxır ki, Söyün Sadıqov əvvəlcədən bütün bunları planlaşdırıb?

- Bütün bunları necə həyata keçirtdiyini yalnız özü bilir. Ancaq reallıq ondan ibarətdir ki, Mədəni Muxtariyyətin təsisçiləri mən və Ağadadaş Kərimov olmuşuq.

- Uzun zaman S.Sadıqovu tanıyan bir şəxs kimi onun azərbaycanlıların hər hansı bir problemlərinin həllinə çalışdığının şahidi olmusunuz?

- Onların özlərini necə qiymətləndirdiklərindən asılı olmayaraq, mən azərbaycanlılara hər hansı bir yardımının, köməyinin göstərildiyinin şahidi olmamışam.

- S.Sadıqovun şirkətlərində azərbaycanlılara nisbətən ermənilərin daha çox işlədiklərini söyləyirlər. Bunu səbəbini nə ilə izah etmək olar?

- Bunu yalnız onunla izah edərdim ki, deməli bu onun şəxsi keyfiyyətlərindən, amalından irəli gəlir. Biz o zaman Mədəni Muxtariyyəti yaradanda onun fəaliyyəti çox geniş əks-səda doğurmuşdu. S.Sadıqov özünü qurumun prezidenti elan etdikdən sonra fəaliyyəti təmamilə zəiflədi. Onu da deyim ki, hələ 1991-ci ildə SSRİ dağılmamışdan öncə Moskvada Beynəlxalq Vətəndaş Assambleyası yaratmışdıq ki, onun da təsisçilərindən biri mən olmuşam. Əhməd İskəndərov yaradılan Vətəndaş Assambleyasının prezidenti idi. O zaman biz ermənilər tərəfindən dəfələrlə təziqlərə məruz qaldıq. Onda S.Sadıqov və onun kimiləri heç meydanda yox idilər.

- KİV-də olan məlumatlara görə heç bir zaman azərbaycanlıların problemlərinin həllində rol oynamayan S.Sadıqov jurnalistlər üçün 200 mənzilllik bina inşa etmək arzusuna düşüb. Bu nə dərəcədə inandırıcıdır?

- Rusiya höküməti tərəfindən muxtariyyət üçün torpaq sahəsi ayrılacağı barədə təklif gəldiyi halda, bu insan bu günə kimi Azərbaycan Mədəni Muxtariyyəti üçün bir bina tikməyibsə, indi jurnalistlərə bina tikdirəcəyini söyləməsi inandırıcı deyil. Bu verilən boş vəddən başqa bir şey deyil.

- Söyün Sadıqov özünü Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi kimi təqdim edir. Sizcə doğrudanmı bu insan səlahiyyətli şəxsdir?

- 1990-cı ildən bu yana Azərbaycan diaspora təşkilatının məsələləri ilə məşğul olan bir şəxs kimi onu deyərdim ki, Rusiya prezidentinin Rusiyanın hər bir bölgəsi üzrə nümayəndəsi var. Bu insanın özünü bu cür təqdim etməsi inandırıcı deyil. Əvvəlcə onu açıqlasın ki, o Vladimir Putinin hansı sahə üzrə nümayəndəsidir.

- Məsələyə aydınlıq gətirmək, hüquqi müstəvidə həll etmək üçün nəyə görə məhkəməyə müraciət etmirsiniz?

- "Azər-Ross"la bağlı iddiaları mən bu günlərdə KİV-dən oxudum. Bu gün mən Azərbaycan Federal Milli-Mədəni Muxtariyyətini yaratdığıma dair məlumat verirəmsə bu yalnız və yalnız faktlara əsaslanır. S.Sadıqovun iddiaları ilə məsələni yeni bildiyim üçün ehtiyac olarsa hüquq mühafizə orqanlarına müraciət edəcəyəm. Məhkəmə yolu ilə məsələni aydınlaşdırmağa çalışacağam. Çünki azərbaycanlıların Mədəni Muxtariyyəti qurulanda ortada olmayan bir şəxsin indi özünü "Azər-Ross"un təsisçisi və prezidenti kimi qələmə verməsi absurddur.

- Siz Rusiyada aktiv olan bir azərbaycanlı kimi narahat deyilsiniz ki, bu gün S.Sadıqov Azərbaycan dövlətinə qarşı qərəzli mövqedə dayanıb, ultimativ tələblər irəli sürür?

- Təbii ki, narahatam. Amma bir məsələ də var ki, heç bir hörməti, nüfuzu olmayan birisinin açıqlamalarına ciddi yanaşmağa da dəyməz. Bu gün S. Sadıqovun Mədəni Muxtariyyətin adından bu kimi çıxışlar etməyə haqqı yoxdur. Mədəni Muxtariyyətin vəzifəsi ondan ibarətdir ki, ölkənin adət və ənənələrini digər ölkədə tanıtsın. Mədəni Muxtariyyətin adından Azərbaycan dövlətçiliyi, höküməti əlehinə hər hansı bir fikirlərin söylənməsi azərbaycanlı adına sığmayan hərəkətdir. Qısası erməni dəyirmanına su tökmək deməkdir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə